Hər bir namizəd 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə edəcək
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq parlament seçkilərində namizədlərə pulsuz efir vaxtının ayrılması ilə bağlı qərar layihəsi müzakirə olunub.
MSK katibi Natiq Məmmədov qərar layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, 118 seçki dairəsi üzrə namizədliyi qeydə alınmış şəxslər üçün İctimai Televiziya və "Azərbaycan" qəzetində pulsuz təşviqat vaxtı ayrılacaq. N.Məmmədov qeyd edib ki, qərarı qəbul etməkdə əsas məqsəd hər bir namizədə bərabər imkanlar yaratmaqdır.
MSK katibi Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 7 seçki dairəsində qeydə alınan namizədlər üçün isə Naxçıvan Dövlət Televiziyasında və "Şərq qapısı" qəzetində pulsuz təşviqat üçün imkan yaradılacağını qeyd edib: "Həm İctimai Televiziya və "Azərbaycan" qəzetində, həm də Naxçıvan Dövlət Televiziyasında və "Şərq qapısı" qəzetində namizədlər üçün pulsuz təşviqat üçün eyni vaxt və yer ayrılacaq. Bu vaxt televiziyalarda 4 dəqiqə, qəzetlərdə isə iki səhifə həcmində olacaq. Hər bir dairə üzrə qeydə alınan namizədlər üçün dəyirmi masa təşkil ediləcək. Dəyirmi masalar seçki dairələrinin sıra nömrəsinin ardıcıllığına əsasən təşkil olunacaq. Hər bir dəyirmi masadan, eyni zamanda qəzet nömrəsindən 5-6 dairə istifadə edə biləcək".
N.Məmmədov bildirib ki, bu yeni təcrübə olduğu üçün nəzarət mexanizmi də olmalıdır. O, 5 nəfərdən ibarət nəzarət qrupunu yaradılmasını təklif edib. Çıxış edən MSK üzvləri də sözügedən qərar layihəsinin seçkilərin demokratik keçirilməsi üçün irəliyə atılmış önəmli bir addım olduğunu vurğuladılar. Müzakirələrdən sonra namizədlərə pulsuz efir vaxtının ayrılması ilə bağlı qərar MSK üzvləri tərəfindən qəbul olunub. Daha sonra Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB