Elmar Məmmədyarov: “Regional təhlükəsizliyə indi daha çox əhəmiyyət verilməlidir” - AÇIQLAMA
Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşüb. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdən sonra nazirlər birgə brifinq keçiriblər. Brifinqdə çıxış edən E.Məmmədyarov görüşdə bir çox vacib məsələləri o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini deyib: "Biz görüşdə ikitərəfli münasibətlərlə də bağlı müzakirələr apardıq. İki ölkə arasında münasibətlər çox yüksək səviyyədir. Biz bu münasibətləri enerji, sənaye, infrastruktur sahələrində daha yüksək səviyyəyə çatdırmalıyıq. Axalkalaki-Qars dəmir yolu xəttinin tikintisinin nəzərdə tutulduğu vaxtda başa çatdırılacağına ümidvarıq. Hazırda işlər yüksək səviyyədə davam etdirilir. Bundan başqa, humanitar sahədə də əlaqələri genişləndirməyi nəzərdə tuturuq".
E.Məmmədyarov bildirib ki, Qriqol Vaşadze ilə görüşdə Dağlıq Qarabağ məsələsi, həmçinin Abxaziya və Cənubi Osetiya regionları ilə bağlı məsələləri detallı şəkildə müzakirə ediblər: "İki ölkənin ərazisindəki münaqişələrin nizamlanmasının hazırkı vəziyyəti barədə bir-birimizə məlumat verdik. Regional təhlükəsizliyə indi daha çox əhəmiyyət verilməlidir. Biz hər iki ölkənin maraq dairəsinə daxil olan məsələləri nəzərdən keçirdik. Dağlıq Qarabağ problemi də daxil olmaqla Qafqazda nizamlanmamış münaqişələri detallı şəkildə müzakirə etdik, bu münaqişələrin regional təhlükəsizliklə bağlılığından danışdıq. Qriqol Vaşadze Abxaziya və Cənubi Osetiya ilə bağlı informasiya verdi".
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi heyət bu gün səhər Tiflisdə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılan Qəhrəmanlar Memorialını və Heydər Əliyevin büstünü ziyarət edib.
Səfər çərçivəsində E. Məmmədyarov Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonuna gedəcək və Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcək.
Yerli saatla 16:00 –da Azərbaycan XİN başçısının Gürcüstanın baş naziri Nika Qilauri, 17:00-da isə prezident Mixail Saakaşvili ilə görüşləri də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB