“Bilgəhdəki Müharibə və əmək əlilləri pansionatının əsaslı təmirə ehtiyacı var”
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Yeganə Cəfərova və Rəvan Səmədov Müvəkkilin tapşırığı ilə Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda uzunmüddətli başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, bu başçəkmə 01 oktyabr 2010-cu il tarixdə həmin müəssisədə aparılmış qısamüddətli monitorinqin davamı olub. Başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün şəraitin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub.
Baxış zamanı MPM qrupunun üzvləri pansionata baxış keçirmiş, yaşlı sakinlərin yaşayış şəraiti ilə tanış olmuş, ümumi istifadə yerlərinə baxmış, ahılların səhhəti, müalicəsi, dərman preparatları ilə təminatı, qidalanması vəziyyətini öyrəniblər. Binanın əsaslı təmirə ehtiyacı olduğu müəyyənləşdirilib.
Qeyd olunmalıdır ki, hazırda pansionatda dövlət təminatında 161 ahıl vətəndaş yaşayır. Burada yaşayan sakinlərin bir qismi ilə təkbətək söhbət zamanı onlar yaşayış şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Başçəkmə zamanı MPM qrupunun üzvləri müəssisə rəhbərliyinin hələ də 1976-ci ildə, keçmiş postsovet məkanında tərtib olunmuş köhnə Əsasnamə ilə işlədiyini müəyyənləşdirmiş və bununla bağlı iradlarını bildirmiş, yeni Əsasnamənin hazırlanmasının zəruriliyi vurğulanıb.
Qrupun üzvləri müəssisə rəhbərliyinə şəraitin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr veriblər. Qeyd olunmalıdır ki, Ombudsman qocalar evlərində yaşayan ahılların həyat şəraitinin daha da yaxşılaşdırılması, onlara qarşı rəftar, ahılların effektiv müalicəsinin təmin edilməsi, qidalanması, psixoloji xidmətin təşkili, göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı müvafiq təkliflər verib.
Belə başçəkmələrin digər sosial obyektlərdə- ahıllar, əllilər və uşaqlar üçün internat evlərində, psixonevroloji müəssisələrdə davam etdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB