Prezident İlham Əliyev Mingəçevirdə bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev Mingəçevirdə bir sıra obyektlərin açılışında iştirak edib

Oktyabrın 14-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, ikimərtəbəli binanın ümumi sahəsi 400 kvadratmetrə yaxındır. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. Yüz kvadratmetr sahəsi olan iclas zalında 80 nəfərlik müasir oturacaqlar quraşdırılıb. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin kəlamlarını əks etdirən guşə yaradılıb. İş otaqları da bu mərtəbədədir. Bütün otaqlar lazımi avadanlıq və kompyuterlə təchiz olunub. Binanın qarşısındakı geniş sahədə yaşıllıq zolağı salınmış, fəvvarə quraşdırılıb.

Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.

Səfəri çərçivəsində Prezidenti İlham Əliyev Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, binada eyni vaxtda dörd ayrı dərs üzrə 32 idmançının şahmatın sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Sinif otaqları şahmat taxtaları, saat və kompyuterlərlə təchiz olunub. Burada dərs prosesini izləmək üçün videokameralar quraşdırılıb. Beynəlxalq və respublika əhəmiyyətli yarışlarda nailiyyətlər qazanmış yerli şahmatçıların şəkillərindən ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir. Məktəbdəki inzibati otaqlar və yarış zalı da şahmata aid bütün lazımi avadanlıq və vəsaitlərlə təmin olunub. Ümumi sahəsi 300 kvadratmetr olan yarış zalında eyni vaxtda 68 şahmatçı öz bacarığını sınaya bilər.

Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi.

Sonda dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər.

Daha sonra Azərbaycan Prezidenti yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilib. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. Çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir. Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, inşaatçılara uğurlar arzuladı.

İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhərinin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin açılışında da iştirak edib.

Dövlətimizin başçısına məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, "Günəşli" yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanmışdır. Magistral qaz xəttinin uzunluğu 7290 paqonometrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir. Bildirildi ki, "Günəşli" yaşayış massivində ümumilikdə 2 min ev vardır və onların hamısının "mavi yanacaq"la təmin olunması nəzərdə tutulur. Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bütün evləri sayğacla təmin edib.

Prezident İlham Əliyev "Günəşli" qəsəbəsinə təbii qazın verilməsini bildirən məşəli alovlandırdı, qəsəbə sakinlərini bu münasibətlə təbrik etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə