Oktyabrın 13-də Lənkəran rayonunda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) attestasiyaya başlayıb. QMİ-nin cənub zonası üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə SİA-nın cənub bürosuna verdiyi məlumata görə, attestasiya 2009-cu ilin avqustunda "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişiliklər edildikdən sonra şəhadətnamə almış bütün dini icmaların rəhbərlərinin seçilməsi məqsədilə keçirilir. Bu tədbir qanuna dəyişikliklər edildikdən sonra respublikada keçirilən ilk attestasiyadır. Birinci gündə 4 rayon üzrə 150 nəfər attestasiyadan keçmək üçün müraciət edib. Oktyabrın 13-də Astara, Lənkəran, Lerik,Yardımlı rayonlarının dini icmalarının nümayəndələri attestasiyadan keçirilib.
Hacı Sədi Axundzadə, həmçinin əlavə edib ki, attestasiya dini bilklərə dərindən yiyələnmiş ali təhsilli gəncləri aşkara çıxarmaqla yanaşı, digər tərəfdən dini maarifçiliyin umumi səviyyəsinin artmasına müsbət təsir göstərəcək. Attestasiyadan keçməyənlər cəmiyyət içərisində nüfuzlarını bərpa etmək, qınaqdan qaçmaq üçün maariflənməyə çalışacaqlar.
Attestasiya komissiyasının səlahiyyətlisi, QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə isə bildirib ki, attestasiya bütün bölgələrdə keçiriləcək. İlkin turda uğur qazana bilməyənlərə 3 ay vaxt veriləcək.
Qeyd edək ki, dini icma nümayəndələrinin attestasiyası Lənkəranda 2 gün davam edəcək. Sonrakı 2 gün isə attestasiya Masallıda keçiriləcək və ətraf rayonlardan olan dini icmaların nümayəndələrinin, imamların dini bilgiləri yoxlanacaq.
Attestasiyadan keçənlərə QMİ-nin vəsiqələri təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB