Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışı olub- Yenilənib
Prezident İlham Əliyev oktyabrın 14-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.
Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını verib. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanıb.
Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılmış və istirahət guşələri yaradılıb.
Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası keçirilir.
Prezident İlham Əliyev hovuza, idman zalına, anqara, hakimlər qülləsinə, mehmanxanaya baxıb, motorlu qayıqda Kür çayının bu hissəsini gəzib.
Sonra dövlətimizin başçısı idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB