14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

1946-cı il 14 oktyabrda Böyük Britaniyanın paytaxtı London şəhərində SSSR də daxil olmaqla 25 ölkənin standartlaşdırma üzrə orqanlarının rəhbərləri bir araya gəliblər. SİA-nın məlumatına görə, 65 nümayəndədən ibarət konfrans iştirakçıları Beynəlxalq Standartlaşdırma Təşkilatının (İnternational Organization for Standardization - İSO) təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

1970-ci ildə standartlaşdırmanın dünya iqtisadiyyatında aparıcı rolunu qabartmaq məqsədilə İSO-nun direktoru Farux Sunter (Türkiyə) 14 oktybarın ümumdünya standartlaşdırma günü kimi qeyd olunması təklifi irəli sürmüş, bu təklif dəstəklənərək həmin günün təsis edilməsi barədə qərar qəbul edilib.

1970-ci ildən bütün dünyanın elmi-texniki cəmiyyəti 14 oktyabr tarixini Ümumdünya Standartlaşdırma Günü kimi qeyd edir. Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma sahəsi ilə bağlı dövlət siyasətini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahədə mövcud qanunvericilik bazasının Avropa tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görməkdədir. Bununla bağlı "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi" üzrə Tvinning layihəsi həyata keçirilib. Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilmiş layihənin məqsədi Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılmasıdır. Başqa sözlə, layihə 9 istiqaməti əhatə edir və bunlar arasında standartlaşdırma fəaliyyətinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması başlıca məqsəd daşıyır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşən "Özəl sektorun inkişafı" layihəsinin standartlaşdırma komponenti üzrə fəaliyyəti də uğurla davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən əsas istiqamətlər arasında ÜTT-nin Texniki Maneələr Sazişinə uyğun olaraq Komitədə texniki qanunverciliyi özündə cəmləşdirən sorğu mərkəzinin və bildiriş orqanının, həmçinin keyfiyyət infrastrukturu üzrə Təlim Mərkəzinin yaradılmasını qeyd etmək olar. Sorğu Mərkəzini yaratmaqla Azərbaycan ÜTT-yə üzvlüyə daxilolma istiqamətində vacib addımlardan birini atmışdır. Tələbatdan asılı olaraq, texniki tənzimləmə, məhsul standartları və uyğunluğun qiymətləndirilməsi metodları əksər hallarda dövlətlərdə fərqli olduğundan, Ticarətdə Texniki Maneələr Haqqında Sazişin məqsədi bu fərqlər nəticəsində ticarətdə yaranan maneələrin azaldılmasıdır. Sorğu Mərkəzi də Azərbaycanın ÜTT-dəki tərəfdaşlarının ticarətə təsir göstərə biləcək yeni və ya dəyişdirilmiş texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları ilə bağlı bildiriş və əlaqədar sənədlərlə təmin olunması, yerli və xarici tədbirlərlə bağlı alınmış şərhlərin baxılması üçün müvafiq tənzimləmə orqanına göndərilməsi, məhsulların və xidmətlərin dizaynı, istehsalı, marketinqi, ixracı və idxalı ilə bağlı strateji məlumatların əldə edilməsi, milli, xarici və beynəlxalq standartlar, Azərbaycan və xarici texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları da daxil olmaqla müxtəlif məsələlərə dair texniki sorğuların cavablandırılması və s. xidmətlər göstərəcək.

Görülən işlər nəticəsində artıq "Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında" Qanun layihəsi hazırlanmış, hökümətə təqdim olunub.

Təbii ki, qazanılan uğurlarımız sırasında cari ilin yanvar ayının 1-dən etibarən Avropa Standartlaşdırma Komitəsinə (CEN) müşahidəçi qismində üzv olmağımız da daxildir. Bu, respublikamız üçün əlamətdar hadisə sayılır. Bilirsiniz ki, CEN-ə üzv olmaqla Avropa standartlarını maneəsiz əldə etmək və ölkəmizdə tətbiq etmək imkanlarımız genişlənmişdir. Həmçinin standartların hazırlanması prosesində rəy və təkliflərimizi vermək, təşkilatın müvafiq texniki komitələrində səsvermə hüququ ilə iştirak etmək imkanlarımız yaranıb.

Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə texniki komitələr yaradılır. Artıq qida məhsullarının standartlaşdırılması, informasiya texnologiyaları, neft ve neft məhsulları, turizm, sosial məsuliyyət ekologiya və keyfiyyətin idarə edilməsi sahələri üzrə texniki komitələr fəaliyyətdədir.

Bu sahədəki görülən işləri koordinasiya etmək məqsədilə Komitə yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura yaradılıb. Şuranın əsas məqsədi – milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir.

Bir sözlə, standartlaşdırma müasir iqtisadiyyatımızın açarıdır. Bu gün münasibətilə standartlaşdırma ilə məşğul olan bütün əməksevərləri təbrik edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə