Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə MSK-nın 13 oktyabr 2010-cu il tarixli iclas protokolu təsdiqlənib. MSK katibi və üzvləri Natiq Məmmədov, Mikayıl Rəhimov, Ramiz İbrahimov, Validə Kazımova, Nizami Nadirov, Tofiq Həsənov daxil olan şikayətlər barədə məlumat veriblər. 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, "AXCP-Musavat", "Qarabağ", "İnsan naminə" seçki bloklarından, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Demokratik Azərbaycan Dünyası Partiyasından namizədliyini irəli sürən şəxslərdən daxil olan müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. MSK həmçinin bəzi şikayətlərə baxılma müddətini uzadıb.
İclasda 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürən, DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin şikayətinə baxılıb. MSK S.Rəhimlinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını qüvvədə saxlayıb. MSK sədri Məzahir Pənahov deyib ki, daxil olan şikayətlərə iki gün ərzində baxılacaq: "Seçki prosesi ilə bağlı maarifləndirmə işi davam etdirilməlidir".
MSK sədri bu gün komissiyaya 20 müraciətin daxil olduğunu söyləyib. Daha sonra MSK sədri Məzahir Pənahov qeyd edib ki, indiyə qədər Azərbaycan Milli Məclisinə 125 seçki dairəsi üzrə 640 nəfərin namizədliyi qeydə alınıb.
O bildirib ki, Yeni Azərbaycan Partiyasından 111, "AXCP-Müsavat" blokundan 30, "İslahat" blokundan 29, "Qarabağ" blokundan 28, Klassik Xalq Cəbhəsi Partiyasından 27, Azərbaycan Milli İstiqlal Partiyasından 17, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 4, Azərbaycan Sosial-Demokrat Partiyasından 2 nəfərin namizədliyi qeydə alınıb. 279 nəfərin namizədliyi isə qeydə alınmayıb.
Bu günə kimi 6829 nəfər müşahidə missiyasını həyata keçirmək üçün MSK-ya müraciət edib. Onlardan 1617-si fərdi şəkildə müraciət edib, 4367 nəfəri isə siyasi partiyaların müşahidəçiləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB