Əli Əhmədov: “Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri imkan, şərait və şərtlər var” - MÜNASİBƏT

Əli Əhmədov: “Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri imkan, şərait və şərtlər var” - MÜNASİBƏT

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında partiya Sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, seçkilər öncəsi mətbuatla görüşlərin tez-tez olduğunu deyən icra katibi seçkilərə bir aydan az vaxt qaldığını və kampaniyanın əhəmiyyətli bir hissəsinin arxada qaldığını bildirib. Seçkilərin keçirilməsi üçün lazımı hüquqi bazanın mövcud olduğunu qeyd edən Ə.Əhmədov bildirib ki, Azərbaycanın Seçki Məcəlləsi demokratik, bərabər imkanlara əsaslanan seçkilərin hüququ bazasını təmin edir: "Bu gün Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri imkanlar, şərait və şərtlər var. Bunun çoxsaylı göstəricilərindən biri çoxsaylı partiyaların seçkilərdə iştirak etmək istəyi və seçki kampaniyalarına qatılmalarıdır.Yeni Azərbaycan Partiyası da öz ənənəsinə uyğun olaraq seçkilərdə iştirak edir".

 

Parlament seçkilərində uğura ümid etmək üçün bir sıra əsasların olduğunu söyləyən YAP-ın icra katibi onlardan birincisinin prezident İlham Əliyevin yeritdiyi siyasət və bu siyasətin Azərbaycan insanı tərəfindən dəstəklənməsi olduğunu bildirib: "Seçkilərdə qələbə qazanmaq üçün kifayət qədər əsaslarımız var. Dövlət başçısının yeritdiyi siyasət vətəndaşlar tərəfindən dəstəklənir. İstinad etdiyimiz digər bir məqam malik olduğumuz seçki resurslarıdır. Azərbaycanın inkişafı, ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsi, vətəndaşlarını rifahının yüksəlməsi, partiyanın malik olduğu ictimai dəstək də uğurumuza olan ümidləri artırır. Partiyamızın 520 min üzvü var. Hər bir seçkilərdə seçicilərin iştirak faizi 40-45 arasında dəyişir. Ölkədə olan 5 milyon seçicinin 40-45 faizi isə 2 milyon edir. Üzvlərimizin hər biri özü ilə bərabər bir neçə yaxınının bizi dəstəkləməyə sövq edə bilsə, bu haradasa 1,5 milyon seçici edir. Vacib resurslardan biri də partiyanın seçki təcrübəsi, seçki taktikasıdır".

 

YAP-ın irəli sürdüyü namizədlərinin hər birinin Azərbaycan sosial-iqtisadi həyatında önəmli yer tutduğunu vurğulayan Ə.Əhmədov konkret rəqəmləri açıqlayıb: "Namizədlərimizdən 48 nəfəri bu gün parlamentin üzvüdür. 5 nəfər Azərbaycan Elmlər Akademiyasının üzvüdür, 3-ü müxbir üzvüdür. 1O nəfər müxtəlif ali məktəblərin rektorlarıdır. Namizədlərdən 20-yə qədəri elmlər doktorları və professorlardır. 24 nəfər isə qadın təmsilçimiz var".

 

YAP olaraq təbliğatı hər ev, hər ailə şüarı ilə aparmaqla bağlı qənaətə gəldiklərini deyən Ə.Əhmədov həmçinin bildirib ki, namizədin 40 min seçicilərin hamızı ilə görüşməsi mümkün deyil: "Bu işdə namizədə səlahiyyətli nümayəndələr kömək edəcəklər. Eyni zamanda 5 milyon seçici ilə də görüşmək mümkün deyil. Buna görə də, hər ev, hər ailə taktikasını seçmişik. Lazım olarsa mitinqlər də keçirə bilərik. Əlbəttə ki, qanunvericiliklə ayrılan yerlərdə".

 

Ə.Əhmədov YAP-ın üzvü olan, ancaq fərdi şəkildə namizədliyini irəli sürənlərə bu sözləri söyləyib: "Üzümü onlara tuturam. Əgər onlar özlərini şanslı hesab edirlərsə, pariyadan çıxaraq müstəqil şəkildə seçkilərdə iştirak etsinlər. Əgər onlar qələbə qazansalar, birinci təbrik edən biz olacayıq. Artiq onlardan 3-ü partiyadan xaric olunub".

 

Prezident İlham Əliyevin yeritdiyi siyasətin əsasında iki hədəfin - Azərbaycanın gücləndirilməsi və bu gücdən vətəndaşların rifahının yüksəldilməsi dayandığını deyən YAP-ın icra katibi bildirib ki, bu hədəflər partiyanın proqramında əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə