Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci Forumuna start verilir

Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci Forumuna start verilir

14 oktyabr 2010-cu il tarixində Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci Forumu öz işinə başlayacaq. SİA-nın məlumatına görə, "İnnovativ və humanitar sahədə partnyorluq - MDB ölkələrinin dinamik inkişafının əsasıdır" şüarı altında gerçəkləşəcək tədbir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda baş tutacaqdır.

Forum MDB dövlətləri başçıları tərəfindən imzalanmış "Humanitar sahədə MDB iştirakçı dövlətlərinin əməkdaşlığının prioritet tədbirləri Planı"na əsasən hər il keçirilən, elmi və yaradıcı ziyalıların mötəbər zirvə görüşüdir. Elm, təhsil, mədəniyyət və gənclər siyasətinin vacib problemlərinin və əməkdaşlıq perspektivlərinin birgə müzakirəsi, praktiki tədbirlərin müəyyən edilməsi forumun əsas məqsədidir. Belə ki, forumların qəbul etdiyi yekun Qətnamə humanitar sahədə əməkdaşlığın real prioritetlərini göstərməklə əməli işin təşkilinə təkan verir.

Forum MDB üzv dövlətlərinin Humanitar sahədə Əməkdaşlıq üzrə Şura və MDB üzv dövlətlərinin Humanitar sahədə Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən keçirilir. Hazırkı və gələcək nəsillər arasında varisliyin, elm, təhsil və mədəni sahələrdə gənclərin daha fəal əməkdaşlığının inkişafına xüsusi diqqət yetirən forum hər il olduğu kimi bu il də "Birliyin gənc nəslinin dəstəklənməsi" bölməsinə böyük diqqət verir.

Forum çərçivəsində "Təhsil və gənclərin akademik və əmək mobilliyi", "Elm, texnologiya və innovasiyalar", "Tarixi-mədəni irs və müasir incəsənət", "KİV, ədəbiyyat və nəşriyyat", "Mədəni-maarif turizm", "ekologiya və ətraf mühitin müdafiəsi" bölmələri, "MDB gənclərinin innovasiya layihələri" sərgisi və s. maraqlı tədbirlər keçiriləcəkdir.

Forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil edir. Nazir müavininin eyni zamanda "Birliyin gənc nəslinin dəstəklənməsi" Palatasında çıxışı da nəzərdə tutulub.

Gənc alim, AMEA-nın Fizika İnstitutunun əməkdaşı Nərmin Babayevanın hazırladığı cihaz isə innovasiya layihələri sərgisində nümayiş etdiriləcək.

Tədbir 15 oktyabr tarixində öz işinə yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə