“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatdı

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatdı
"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi başa çatıb. SİA-nın məlumatına görə, müzakirələr zamanı millət vəkilləri büdcə ilə bağlı öz fikri və təkliflərini irəli sürüblər. İclasın davamında deputatların təkliflərini və suallarını cavablandıran maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə təsnifatı ilə bağlı suallar düzgün qaldırılıb: "Güman ki, yaxın vaxtlarda təsnifatlarda dəyişikliklər olacaq". Nazir qeyd edib ki, sair xərclərdəki vəsaitin çox olması burada ehtiyat fondların cəmləşməsi ilə bağlıdır. Maliyyə naziri onu da vurğulayıb ki, deputatlar tərəfindən Quba rayonunda torpaq sürüşməsindən zərər çəkmiş kəndlərdə evlərin köçürülməsi məsələsi qaldırılıb və bu istiqamətdə işlər görülür. Daha sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev deputatların suallarını cavablandırıb. Bununla da 2010-cu ilin dövlət büdcəsinin layihəsi deputatların bəzi təklifləri nəzərə alınmaqla yenidən işlənib parlamentdə təsdiqə təqdim edilmək üçün təqdim olunub. Layihə 10 gündən sonra yenidən baxılıb təsdiq edilməsi üçün parlamentə göndəriləcək. Qeyd edək ki, 2011-ci il dövlət büdcəsinin layihəsində gəlirlər 12 061 mln. manat, xərclər 12 748 mln. manat, kəsir isə 687 mln. manat həcmində nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə