Fuad Muradov:"İpoteka məsələsində ilkin ödənişlə bağlı müəyyən düstur yaradılmalıdır"
"2011-ci ilin dövlət büdcəsi layihəsi ölkə qanunvericiliyinə uyğun olaraq hazırlanıb. SİA-nın məlumatına görə. Bu sözləri millət vəkili Şəmsəddin Hacıyev layihənin müzakirəsi zamanı çıxışında deyib. Onun sözlərinə görə, büdcə layihəsi hazırki sosial, iqtisadi inkişafın reallıqları nəzərə alınaraq tərtib olunub.
"Sənəd mükəmməldir. Burada təhsilə ayrılan vəsaitin artırılması təqdirəlayiqdir. Gələn ilin büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi də düzgündür. Ümumilikdə layihə son 3 ildə bütün prioritetlər nəzərə alınaraq qəbul olunub",- deyə millət vəkili vurğulayıb.
İclas zamanı millət vəkili Fuad Muradov da öz fikirlərini bildirib. O söyləyib ki, gələn ilin büdcəsində olan artımlar Azərbaycanın qüdrətli bir ölkə olduğunu göstərir.
Çıxışı zamanı bir sıra təkliflər irəli sürən millət vəkili bildirib ki, "Gənclər haqqında qanun" müzakirə olunarkən Gənclər Fondunun yaradılması təklifi də irəli sürülüb. Onun sözlərinə görə, həmin təklif qanun layihəsinə daxil edilsə də həllini tapmayıb. Bu məsələnin yenidən müzakirə olunması təklifini irəli sürən millət vəkili deyib ki, dövlət fondu nə qədər çox olarsa, görülən işlər dövlət naminə olar. Bundan əlavə çıxışı zamanı ipoteka məsələlərinə toxunan millət vəkili bildirib ki, həmin məsələni davam etdirməliyik: "İlkin ödənişlərlə bağlı bir sıra problemlər yaranır. Bununla əlaqədar düstur, formul yaradılsa, yaxşı olar. Hazırda ölkədə tikinti şirkətlərində də durğunluq müşahidə olunur. Problemlərin aradan qalxması sahibkarlığa müsbət təsir göstərər".
Çıxışı zamanı müəllimlərin attestasiyadan keçməsi təklifini də irəli sürən F. Muradov: "Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hər şagirdə düşən müəllimlərin sayı çoxdur. Müəllimlərin əmək haqlarının artırılması məqsədilə attestasiya keçirməklə müəllimlərin sayını yenidən nəzərdən keçirmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB