Məmməd Əlizadə: “Namizədlərimizin qeydə alınmamasına görə, özümüz günahkarıq”

Məmməd Əlizadə: “Namizədlərimizin qeydə alınmamasına görə, özümüz günahkarıq”

"Namizədlərimizin qeydə alınmamasına görə bir çox hallarda özümüz günahkarıq". SİA-ya açıqlamasında bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə namizədlərin qeydə alınması zamanı qanun pozuntularının olması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

 

Partiyanın irəli sürdüyü namizədlərdən indiyə kimi 19-nun qeydə alındığını bildirən M.Əlizadə bu rəqəmin 21-22 olmasını gözlədiklərini bildirib. Namizədliyindən imtina edilənlərin də olduğunu söyləyən DADP sədri imzatoplama və qeydə alınma dövründəki pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına da müraciətlərin edildiyini qeyd edib.

 

DADP-nin ilk olaraq 76 namizəd irəli sürdüyünü deyən partiya sədri sonradan bir sıra namizədlərin Yeni Azərbaycan Partiyasının namizədləri lehinə geri çəkildiyini dilə gətirib: "Namizədlərimizin bir hissəsi müvafiq dairələrdə daha nüfuzlu, seçilmə şansı yüksək olan Yeni Azərbaycan Partiyasının namizədlərinin lehinə namizədlikdən imtina etdi. Bir çox namizədlərimiz də imzatoplama kampaniyasını sona çatdıra bilmədilər. Hal-hazırda 5 namizədimizin imza vərəqələrinə baxılır. Düzdür, müəyyən qanun pozuntuları olub, amma əksər hallarda məsələnin araşdırılması zamanı görürük ki, bizim də təqsirimiz çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə