Səməd Seyidov: “Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının saxlanılması üçün 51 milyon manat ayrılıb”

Səməd Seyidov: “Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının saxlanılması üçün 51 milyon manat ayrılıb”
Bu gün Azərbaycanın xarici ölkələrdə 66 səfirliyi, konsulluğu və daimi nümayəndəliyi fəaliyyət göstərir. SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib. O bildirib ki, gələn ilin büdcəsində səfirliklərin, konsulluqların və daimi nümayəndəliklərin saxlanması üçün 51 milyon manat, xaricdə tədbirlərin keçirilməsi üçün 34 milyon manat nəzərdə tutulub. Onun sözlərinə görə, gələn ilin büdcəsində Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi ilə bağlı 15 milyon manat olmaqla ümumilikdə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub: "Bu qədər vəsait Azərbaycanın xaricdəki səfirlik, konsulluq və nümayəndəliklərinin sayının artırılmasına imkan yaradacaq. İnkişaf etmiş ölkələr də məxsusi olaraq Azərbaycanda səfirlik açmaq niyyətindədirlər. Bu əsasən Azərbaycanın iqtisadi inkişafı, regiondakı müstəsna rolu və dünyada artan nüfuzu ilə əlaqədardır". Çıxışı zamanı Avropa İttifaqının ölkəmizə ayırdığı vəsait haqqında da məlumat verən komitə sədri: "Bu il Avropa İttifaqı Azərbaycan, Gürcüstan və Ermənistana təxminən 1 milyon 700 min avro məbləğində vəsait ayırıb. Bu vəsait elm, təhsil və digər sosial layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bu vəsaitin 1 milyon 100 mini Azərbaycanın təhsil sisteminə ayrılıb. Bunun səbəbi Azərbaycanın öz təhsil sisteminin sürətlə Avropa və dünya təhsil sisteminə uyğunlaşdırması ilə əlaqədardır".
İclasın davamında millət vəkili Yaqub Mahmudov büdcə ilə bağlı öz fikir və təkliflərini irəli sürüb. O bildirib ki, 2011-ci ilin dövlət büdcəsində ayrı-ayrı sahələrə maliyyə vəsaiti ayrılsa da layihədə Bakı, Gəncə, Dərbənd, Şəki kimi bölgələrə təkcə rayon kimi deyil ölkənin həm mədəni, həm də turizm yerləri kimi baxılmalıdır. Onun sözlərinə görə, büdcədə həmin bölgələrə xüsusi diqqət yetirilməli, sözügedən bölgələrin turizm şəhərləri kimi inkişafına önəm verilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə