Erməni millət vəkili: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması Minsk qrupunun fəaliyyətinə mane ola bilər”

Erməni millət vəkili: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması Minsk qrupunun fəaliyyətinə mane ola bilər”

"Hazırda Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması düzgün addım deyil". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Respublika Partiyasının üzvü, millət vəkili Mkrtich Minasyan deyib.

 

Qondarma "Dağlıq Qarabağ Respublika"sının tanınması ilə bağlı Azərbaycan kütləvi informasiya vasitələrinin məlumatlarına toxunan millət vəkili bildirib ki, partiya "DQR"ın tanınması ilə bağlı qanun layihəsinə qarşı çıxır və Miras Partiyası ilə də bununla əlaqədar müzakirələr aparıb: "Biz bu gün başa düşürük ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimləməsi təşəbbüsülə çıxış edir. Ermənistanın Dağlıq Qarabağı tanıması Minsk qrupunun fəaliyyətinə mane ola bilər. Biz onu arzu etmirik. Buna baxmayaraq, Ermənistanda çətin ki, kimsə Dağlıq Qarabağın tanınmasına etiraz etsin. Biz hal-hazırda bu məsələni qaldırmamağı Miras Partiyasının üzvlərinə də təklif etdik. Biz bir il, yaxud da iki ildən sonra bu məsələni qaldıra bilərik. Danışıqlar prosesi müsbət nəticələnsə, onda bu məsələnin gündəmə gətirilməsinə də ehtiyac olmayacaq".

 

Qeyd edək ki, qondarma qurumun tanınmasını nəzərdə tutan qanun layihəsi parlamentə Miras Partiyası tərəfindən təqdim olunub. Parlament üzvlərinin əksəriyyəti isə təklifin vaxtından əvvəl edilmiş təklif kimi qiymətləndirir. Daşnaktsütyun yeganə partiyadır ki, sənədin tərəfdarı olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə