Lənkəranda insan alverinə qarşı mübarizəyə həsr olunmuş seminar başlayıb

Lənkəranda insan alverinə qarşı mübarizəyə həsr olunmuş seminar başlayıb

Oktyabrın 12-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Lənkəran şəhərində insan alveri və məcburi əməklə bağlı ikigünlük seminar başlayıb. SİA-nın cənub bürosunun məlumatına görə, bölgənin hüquq-mühafizə orqanları əməkdaşlarının, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və digər müvafiq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə ATƏT-in Bakı ofisinin insan alverinə qarşı mübarizə üzrə proqramın rəhbəri Təranə Bağırova, Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçisi Serhan Aktorpaq, ATƏT-in polis ekspertləri Halik Avçılar və Hana Snajroba, Macar milli polisin əməkdaşı Qabor Stankeviçin "İnsan alveri və məcburi əmək", "Cəmiyyət Dəstəkli Polis-insan alverinin qarşısını alma vasitəsi kimi", "İnsan qaçaqmalçılığı", "Qeyri- qanuni miqrasiya" və s. mövzularında çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, əvvəllər daha çox qadınların cinsi istismara məruz qalma faktları müşahidə edilirdisə, indi aldatma, məcbur etmə, zor tətbiq etmə, insan orqanlarının satın alınması, uşaqların dilənçiliyə vadar olunması kimi digər neqativ halların sayı da artıb. Azərbaycanın isə tranzit ölkəsi hesab olunduğu, burada qurbanların əksəriyyətinin qadınlar təşkil etdiyi və onların əsasən yaxın şərq ölkələrinə aparılaraq cinsi istismara məruz qoyulduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, seminar bu gün öz işini başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə