Musa Quliyev: “Dövlət qulluqçuları və millət vəkilləri icbari sığortaya cəlb olunsun”- TƏKLİF

Musa Quliyev: “Dövlət qulluqçuları və millət vəkilləri icbari sığortaya cəlb olunsun”- TƏKLİF
Milli Məclisdə 2011-ci ilin büdcə layihəsinin müzakirəsi davam etdirilir. SİA-nın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib, müzakirələrə başlanılıb. Büdcə layihəsi ilə bağlı ilk çıxış edən Musa Quliyev bildirib ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsinin öyrənilməsi, müzakirələr onu deməyə əsas verir ki, sənəd neçə il bundan əvvəl başlanan sosial iqtisadi inkişafın əsas göstəricisidir.
Onun sözlərinə görə, gələn il insanların sosial rifahı güclənəcək, iqtisadiyyatın maliyyə prosesinin şəffaflığı artacaq.
"Layihə sosial və investisyayönümlüdür. Büdcənin 33.1 faizinin sosial sahəyə ayrılması onun göstərir ki, ölkə başçısının, iqtidarın əsas prioriteti əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib. Azərbaycanda sosial sahə dövlət proqramları əsasında maliyyələşir. Belə ki, təhsilə 14, səhiyyəyə dair 10 dövlət proqramının qəbulu bu sahələrin inkişafına gətirib çıxarır",- deyə o vurğulayıb.
Büdcə ilə bağlı təkliflərini də irəli sürən millət vəkili bildirib ki, ölkədə kardiocərrahiyyə sahəsində iş lazımı səviyyədə deyil. Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən belə bir mərkəzin açılacağını dilə gətirən millət vəkili söyləyib ki, kardiocərrahiyyə sahəsi tutumlu sahə olduğuna görə, dövlət tərəfindən maliyyələşməsi məqsədəuyğundur.
"Hepatit B, C-nin də dövlət proqramları tərəfindən maliyyələşməsi məqsədəuyğundur. Gələn il büdcə layihəsi hazırlanarkən yuxarıda sadalananlar da layihəyə salınsın. Bundan əlavə dövlət qulluqçuları və millət vəkilləri icbari sığortaya cəlb olunsun. Naxçıvana gedən təyyarələrin dəyişdirilməsi də zəruridir",- deyə millət vəkili əlavə edib.
Müzakirələr davam edir.
Qeyd edək ki, ötən gündən başlayan müzakirələr oktyabrın 14-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə