Siyasi şərhçi: “Azərbaycan-Türkiyə-Pakistan yeni bir formatdır” AÇIQLAMA

Siyasi şərhçi: “Azərbaycan-Türkiyə-Pakistan yeni bir formatdır” AÇIQLAMA

“Azərbaycan bu günə qədər bir neçə üçtərəfli format təşəbbüsü ilə çıxış edib. Təbii ki, bu formatların da hər birinin uğurlu olduğunu söyləmək olar. Çünki praktiki olaraq Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında həm enerji layihələrinin, həm də Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin həyata keçirilməsinin şahidi olmuşuq. Digər Şimal-Cənub layihəsi də Azərbaycan-İran-Rusiya üçtərəfli formatı kontekstindən həyata keçirilir və bu istiqamətdə də ciddi adımlar atılmaqdadır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Pakistan formatı isə yeni bir formatdır: “Hesab edirəm ki, bu formatın inkişaf etməsi üçün də üç dövlət arasında münasibətlərin daha da genişlənməsi üçün ciddi baza var. Hər üç ölkə arasında hər hansı bir ziddiyətli məsələ yoxdur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanla diplomatik əlaqələrə malik deyillər. Pakistan ümumiyyətlə Ermənistanı bir dövlət olaraq tanımır və hər zaman Azərbaycana özünün dəstəyini bəyan edib. Bu üç dövlətin arasındakı münasibətlər bütün istiqamətlərdə yüksək səviyyədədir. Bu isə o anlama gəlir ki, Azərbaycan-Türkiyə-Pakistan platformasının inkişafı üçün olduqca əlverişli bir zəmin var. Bu ən müxtəlif istiqamətlərdə özünü büruzə verə bilər. Həm iqtisadi, həm də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi müstəvisində və s. bu əməkdaşlığın daha da genişlənəcəyini gözləyirik. Ümumiyyətlə, bu format region üçün də daha geniş, qlobal bir miqyasda sabitlik gətirəcək bir formatdır. Düşünürəm ki, bu da Azərbaycanın son dövrlərdə irəli sürdüyü ən uğurlu təşəbbüslərdən biridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə