İsa Qəmbər MSK-da iki yerə və katib vəzifəsinə iddialıdır

İsa Qəmbər MSK-da iki yerə və katib vəzifəsinə iddialıdır

Bu gün Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin iştirakı ilə mətbuat konfransı keçirilib. "AXCP-Müsavat" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin imzatoplama kampaniyası zamanı təzyiqlərlə üzləşdiyini deyən Ə.Kərimli bildirib ki, qanun pozuntuları namizədlərin qeydə alınma mərhələsində də davam edir.

 

İndiyə kimi ümumilikdə müxalifətin 100-dən artıq namizədinin qeydə alınmasından imtina edildiyini deyən Ə.Kərimli bildirib ki, "AXCP-Müsavat" siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərdən hal-hazırda 25-i qeydə alınıb: "26 namizədimizin qeydiyyatından isə imtina edilib. 41 namizədin imza vərəqələri isə baxılma mərhələsindədir. Pozuntular xeyli çoxdur. Seçki prosesi zamanı hüquqi müstəvidə mübarizə aparmaq niyyətindəyik. Beynəlxalq məhkəmələrə müraciət etməklə yanaşı dinc, kütləvi aksiyalar keçirəcəyik".

 

Ə. Kərimli blokun vahid namizədi olmayan, lakin müxalifətdən olan deputatlığa namizədlərdən bəzilərini dəstəkləyə biləcəklərini istisna etməyib: "Bizim namizədlərimiz qeydə alınmayan dairələrdə qeydə alınan müxalifət namizədlərin adlarına diqqət yetirəcəyik. Mümkündür ki, biz onları dəstəkləyək. Bizim namizədlərimiz olmayan dairələrdə real müxalifətin namizədləri olarsa, onları dəstəkləməyə hazırıq. O, namizədlər ki, onlar baş verən qanun pozuntularına biganə yanaşmayacaqlar, var gücü ilə bu pozuntulara qarşı mübarizə aparacaqlar. Biz bu zaman həmin namizədlərin partiya mənsubiyyətini, hansı blokdan irəli sürüldüyünü nəzərə almayacayıq".

 

Blokun seçkilərdə iştirak əhval-ruhiyyəsində olduğunu deyən İ.Qəmbər boykot qərarının da nəzəri cəhətdən müzakirə olunduğunu qeyd edib: "Biz seçkilərdə iştirak etmək əzmindəyik. Biz başqalarından fərqli olaraq addımlarımızı kimlərinsə diktəsi ilə atmaq niyyətində deyilik. Üstünlüyümüz ondan ibarətdir ki, qərarlarımızı kollegial olaraq veririk. Qarşı tərəf qurduğumuz blokun namizədlərinin qazanacağı uğurdan narahatdır. Seçki prosesinin ilk mərhələsində namizədlərimizin bəzilərinə maneələr yaradılıb. Bu bizi pulsuz efir vaxtından məhrum etmək üçün edilir. Belə ki, pulsuz təbliğat imkanı əldə etmək üçün dairələrin 60-dan çoxunda iştirak etmək lazımdır".

 

Mərkəzi Seçki Komissiyasında bir neçə gün əvvələ kimi boş qalan yerlərə üzvlərin təyin edilməsinə münasibət bildiriən Müsavat başqanı hesab edib ki, Müsavatın əslində MSK-da iki üzvü və qurumun katibi yerini tutmağa hüququ var: "2005-ci il parlament seçkilərində 500 minə qədər səs topladıq. Hal-hazırda parlamentdə elə partiyalar var ki, 5-6 min səs əldə edə bilməyib. Məntiq bunu tələb edir ki, MSK-da bizə iki yer və katib vəzifəsi verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə