Siqaret qutusunun üzərindəki xəbərdarlıq yazısı sizin təklifiniz ola bilər

Siqaret qutusunun üzərindəki xəbərdarlıq yazısı sizin təklifiniz ola bilər
Siqaret qutusunun üzərindəki xəbərdarlıq yazısının yeniləndirilməsi üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhalinin təklifləri toplanılır. Bu barədə SİA-ya İSİM-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, əhalinin təkliflərinin toplanması oktyabrın 1-dən 31-dək davam edəcək.

Əhali siqaret qutusunun üzərində görmək istədiyi xəbərdarlıq yazısını oktyabrın 31-dək [email protected] ünvanına göndərə bilər. Seçilmiş təkliflər siqaret qutusunun üzərində yerləşdirilməsinin təşkili üçün Səhiyyə Nazirliyinə təqdim olunacaq. Nəticələr barədə məlumat veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur. Əgər bunun qarşısı alınmazsa, 2030-cu ilə qədər tütünçəkmə ildə 10 milyon insanı öldürə bilər. Tütün epidemiyası ilə mübarizə istiqamətlərindən biri də siqaret qutusunun üzərində xəbərdarlıq yazısının verilməsi və onun vaxtaşırı dəyişdirilməsidir. Bildiyiniz kimi hal-hazırda siqaret qutusunun üzərində tütünün insanların səhhətinə zərəri haqqında Səhiyyə Nazirliyinin xəbərdarlıq yazısının aşağıdakı mətni yerləşdirilir: "Siqaret çəkmək sizin sağlamlığınız üçün təhlükəlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə