YAP Xətai rayon təşkilatında ümumrespublika müşavirəsi keçirilib YENİLƏNİB
Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri - millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov və digərləri iştirak edib.
Toplantı qarşıdan gələn Prezident seçkiləri ilə bağlı təşkil olunub.
YAP-ın Sədr müavini deyib ki, digər toplantılarda olduğu kimi ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik: “Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələr müəyyənləşdirilir, dəyərləndirilir və buna müvafiq də fəaliyyət göstərilir”.
Əli Əhmədov bildirib ki, bir neçə gün bundan öncə YAP-ın yaradılmasının 25-ci ildönümü yüksək səviyyədə qeyd olundu: “Partiyanın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən bu tədbirdə partiyanın 25 il ərzində keçdiyi yola nəzər salındı, partiyanın fəaliyyətinə qiymət verildi. Eləcə də gələcək dövrdə YAP-ın fəaliyyətinin əsas istiqamətləri ilə əlaqədar partiya sədri tərəfindən tapşırıqlar səsləndirildi. YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin bugünkü müşavirəsində də biz təbii olaraq qısa şəkildə keçdiyimiz yola nəzər salmaqla yanaşı bundan sonrakı partiyanın sədri tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar müvafiq müzakirələr aparacayıq. Güman edirəm ki, bu tapşırıqların icra edilməsi ilə əlaqədar partiyanın üzvlərini, bütün rayon və şəhər təşkilatlarını səfərbər edə biləcəyik.
Digər tərəfdən bildiyiniz kimi 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Bu təxminən bir il bundan sonra olacaq. Amma YAP-da belə bir ənənə formalaşıb ki, biz təxminən seçkilərə bir il qalmış hazırlıqlara başlayırıq. Bizim prinsipimiz bundan ibarətdir ki, seçkilərə hazırlıq nə qədər tez başlayarsa, bu hazırlıq prosesi nə qədər səmərəli şəkildə təşkil olunarsa partiyanın seçki kampaniyasında uğurları da bir o qədər yüksək olar. Biz dəfələrlə öz praktikamızda bunun şahidi olmuşuq. Ona görə də artıq bununla əlaqədar olaraq da partiya üzvlərinin və partiya təşkilatlarının səfərbər olunması ilə bağlı müvafiq tapşırıqlar verəcəyik. Biz hesab edirik ki, partiyanın fəaliyyətinin əsas istiqaməti prinsip etibarilə seçkilərə hazırlaşmaqdan ibarət olmalıdır. Bu bizim gündəlik fəaliyyətimizdir və diqqətdən qaçırılmır”.
Daha sonra müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB