Əli Əhmədov: “Azərbaycan öz gücü ilə tarixi ədalətsizliyi həll etmək qüdrətindədir” AÇIQLAMA

Əli Əhmədov: “Azərbaycan öz gücü ilə tarixi ədalətsizliyi həll etmək qüdrətindədir” AÇIQLAMA

“Təbii ki, hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının və bütövlükdə bizim hökumətimizin, dövlətimizin uğuru hesab olunmalıdır. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət dünya birliyinin çox mötəbər beynəlxalq təşkilatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrin formalaşmasına ciddi şəkildə təsir göstərir”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavininin sözlərinə görə, bu gün artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul etmək zorundadırlar ki, münaqişənin həll olunması və bütövlükdə Cənubi Qafqazda sülhün, əmin-amanlığın ciddi şəkildə təmin olunması ədalətin bərpa olunmasından, Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasından birbaşa asılıdır: “Təbiidir ki, bu Azərbaycanın uğurudur. Eyni zamanda belə bir rəyin formalaşması düşünürəm ki, Azərbaycan ordusunun gücünü, döyüş qabiliyyətini göstərir. Eləcə də bu qabiliyyətin əyani surətdə sübut edilməsinin də öz müsbət rolu var. Yəni dünya və bizim düşmənlərimiz aydın şəkildə bilirlər ki, dinc, diplomatik yollarla Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olmasa, Azərbaycan öz gücü və hərbi qüdrəti nəticəsində bu tarixi ədalətsizliyi həll etmək qüdrətindədir. Hesab edirəm ki, Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində qəbul olunan sənəd də bunun bir sübutu sayıla bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə