Minsk qrupunun qiymətləndirici missiyası bu gün işini tamamlayacaq

Minsk qrupunun qiymətləndirici missiyası bu gün işini tamamlayacaq

ATƏT-in Minsk qrupunun qiymətləndirici missiyasının Dağlıq Qarabağ ətrafındakı rayonlara səfəri oktyabrın 12-də başa çatacaq. SİA-nın verdiyi xəbərə görə, bunu dünən Xankəndidə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə açıqlamasında deyib. Bernar Fasyenin sözlərinə görə, missiya ekspertlərlə birlikdə növbəli şəkildə işğal altındakı rayonlara səfər edib və burada qiymətləndirmə aparıb və artıq Dağlıq Qarabağ ətrafında olan 6 rayona səfər edib: "Oktyabrın 12-də isə Kəlbəcərə səfər edəcəklər və bununla da missiya işini tamamlayacaq. Bildiyiniz kimi bu ilk missiyadır. Bu missiyanın həyata keçirilməsinə dair qərar həmsədrlər tərəfindən verilib. Əsas məqsəd isə vasitəçilərin özlərini buradakı vəziyyətlə tanış etməkdir. Vasitəçilər arasında yeganə həmsədrəm ki, 2005-ci ildən etibarən Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfər etmək imkanım olub".

 

Bernar Fasye həmçinin qeyd edib ki, üç yardımçıdan ancaq biri Rusiya həmsədrinin köməkçisi bu ərazilərə səfər edib: "Biz bu missiyanın aparılması və bunun necə baş verəcəyi haqda hər iki tərəfə təkliflər irəli sürdük. Çox şadıq ki, missiyanın aparılması barədə razlıq əldə olundu və biz bunun həyata keçirilməsi mərhələsindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə