RAGT Moskvada İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirib

RAGT Moskvada İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirib

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində (RECM) olmuş, ölkənin bu aparıcı tibb müəssisəsinin rəhbərləri ilə görüşüblər.

SİA-nın məlumatına görə, RECM-in direktoru Sergey Dzemeşkeviç ilə görüşdə tibbi kadrların hazırlanması, təcrübə və mütəxəssislər mübadiləsi, eləcə də birgə tədbirlər və aksiyalar keçirilməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Sonra Leyla Əliyeva mərkəzdə ordinatorlar və aspirantlar ilə görüşmüş, onlar təşəbbüslərini dəstəklədiyinə görə Leyla Əliyevaya təşəkkür məktubunu təqdim ediblər.

Görüş başa çatandan sonra Leyla Əliyeva Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu Rafiq Babayevin disklərinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kolleksiyasını mərkəzin muzeyinə hədiyyə edib.

Leyla Əliyeva görkəmli sovet və Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, 1957-ci ildə "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülmüş professor B.Petrovskinin memorial muzeyinin ekspozisiyası ilə tanış olub.

Daha sonra RAGT-nin sədri Leyla Əliyeva böyrək və qara ciyər transplantasiyası şöbəsinə baş çəkmiş, burada Nijni Novqorod şəhərindən olan 11 yaşlı həmvətənimiz, Heydər Əliyev Fondunun vəsaiti hesabına müalicə olunan Camal Bəkirovla görüşüb.

Həmin gün İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirilib. RAGT-nin tibb seksiyası, Azərbaycanın RF-dəki səfirliyi və YUNEYDS (BMT-nin İÇV/QİÇS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş konfransın məqsədi İÇV/infeksiya barədə gəncləri məlumatlandırmaq və xəstəliyin profilaktikasıdır.

RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva konfrans iştirakçılarını salamlayıb və qeyd edib ki, müzakirə edilən mövzu müasir gənclərin ən ağrılı və ciddi problemlərindən biridir və bu konfrans gəncləri QİÇS-in təhlükəli xəstəlik olması barədə məlumatlandırmağa kömək edəcəkdir. Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat çərçivəsində gənclərin problemlərinə və sağlamlığına göstərilən diqqətə görə ona təşəkkürünü bildirmiş, bu konfransın gənc nəsil üçün əhəmiyyətindən söhbət açıb.

YUNEYDS proqramının Rusiya və Azərbaycan üzrə direktorları Denis Y.Brun və professor Həqiqət Qədirova bütün dünyada, o cümlədən Rusiya və Azərbaycanda İÇV-infeksiya ilə əlaqədar vəziyyət barədə məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda məlumat xarakterli broşürlər paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə