İslam İnkişaf Bankı Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə yardım edəcək
Gürcüstanda fəaliyyət göstərən Marneulidəki Azərbacanlıların Mədəniyyət Mərkəzində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə İİB-nın Gürcüstandakı azərbaycanlı tələbələrə yardımını nəzərdə tutan yeni layihəsi müzakirə olunub.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Fəxri Hacıyevin, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, gənclərin iştirak etidyi tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov təşkilatın tələbələrlə bağlı layihələri haqqında danışıb.
O deyib ki, AMM fəaliyyət göstərdiyi müddət ərzində 200-dən çox azərbaycanlı tələbəyə təqaüdlərin verilməsində yardım edir, 18 gənc Diasporla İş Üzrə Dövlət Komitəsinin Şimali Kiprin Yaxın Doğu Universiteti ilə əldə etdiyi anlaşmaya əsasən bu ildən həmin təhsil ocağında oxuyur, gənclərin təhsildə irəliləməsinə kömək məqsədilə müxtəlif kurslar təşkil olunur. F. Həsənov onu da bildirib ki, bu cür nüfüzlu maliyyə təşkilatının Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə diqqəti çox təqdiqəlayiqdir.
İslam İnkişaf Bankının təhsil departamentinin rəhbəri Malik Şah bin Yusif və bankın rəsmisi Səid-üz-Zəfər bankın fəaliyyəti və gerçəkləşdirilməsi planlaşdırılan layihə haqqında məlumat veriblər.
Məlik Şah bin Yusif bildirib ki, İslam İnkişaf Bankı 1973-cü ildə Səudiyyə Ərəbistanında yaradılıb və 57 ölkə bu bankın üzvüdür. "Onlardan biri də Azərbaycandır. Biz keçən il Azərbaycanda toplantı keçirdik. Bankımızın məqsədi müsəlmanların ehtiyaclarını öyrənmək, xüsusən onların təhsil sahəsindəki problemlərinin həllinə yardım etməkdir. Məqsədimiz ali məktəblərin bakalavr pilləsində təhsil alan imkansız tələbələrə kömək göstərməkdir. Bu layihə kredit şəkilində həyata keçiriləcək, tələbə bakalavr dərəcəsini bitirib işə düzəldikdən sonra hissə-hissə həmin məbləği banka ödəməlidir, burada da bir çox güzəştlər tətbiq olunacaq. Biz gələn ildən Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə yardım edəcəyik. Belə layihələrimiz çox olacaq", Məlik Şah bin Yusif deyib.
Tədbirdə Gürcüstandakı Azərbaycanlı Gənclər İttifaqının rəhbəri Leyla Məmmədova, Tbilisi Qafqaz Universitetinin müəllimi və "Meydan" jurnalının redaktoru Alxan Binnətoğlu, Biznes və Hüquq Universitetinin rektoru Namaz Gərəkov, Elmi Araşdırmalar Mərkəzinin sədri Ehtiram Əmirxanlı, Biznes və Hüquq Universitetinin müəllimi İlham Mehdiyev və digər ziyalılar çıxış edərək təhsil, səhiyyə, mədəniyyət sahələrində olan problemlər haqqında fikirlərini bölüşüblər.
AMM-nin rəhbəri Fazil Həsənov bir daha qonaqlara Gürcüstandakı soydaşlarımızın təhsil almasına göstərdikləri diqqətə və köməyə görə təşəkkürünü bildirib.
Məlumat verilib ki, layihə gələn ildən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB