Lənkəranda 2010-cu ilin 9 ayında 19 hepatitli xəstə aşkarlanıb. Bu barədə SİA-nın cənub bürosuna Rayon Epidemiologiya və Gigiyena Mərkəzinin epidemioloji şöbəsinin müdiri Xəlil Xəlilov bildirib.
Onun sözlərinə görə, müasir diaqonostik vasitələr , o cümlədən ildə bir neçə dəfə keçirilən qanvermə aksiyası belə xəstələrin üzə çıxmasına şərait yaradır. X.Xəlilov əlavə edib ki, xəstəlik bütün yaş qruplarında rast gəlinir. Hepatit "B" virusuna zədələnmiş dəri vasitəsilə, ana bətnində və cinsi yolla yoluxmaq mümkündür. "A" və "C" viruslarına gəlincə isə, bu daha çox gənclər arasında rast gəlinir.
Şöbə müdiri onu da bildirib ki, "C" virusu daha təhlükəli sayılır. Müalicəsi çətin olan bu xəstəlik əksər hallarda əlamətsiz keçir və ciddi fəsadlara yol açır. Bu xəstəlik narkomaniya və pozğun həyat tərzi ilə məşğul olanlarda daha çox rast gəlinir. Bundan əlavə, yoluxma qan köçürülməsi, sterilzə olmayan alətlərlə müdaxilə və eyni şprisin 1-dən çox insanda istifadə edilməsi, həmçinin hamiləlik zamanı uşağa keçməsi və bu kimi hallarda mümkündür.
Qeyd edək ki, Lənkəran rayonunda 2007-ci ildə 28, 2008-ci ildə 43, 2009-cu ildə 51 hepatitə yoluxma halı qeydə alınıb. Cari ilin 9 ayında aşkar edilən 19 xəstənin 3-ü hepatit "A",10-u hepatit "B", 6-sı hepatit "C" viruslu xəstələrdir. 2010-cu ilin 9 ayında qeydə alınan xəstələrin sayında 2 dəfədən çıx azalma müşahidə olunsa da, bu heç də bütün xəstələrin aşkarlanmasına dəlalət etmir. Xüsusən də, riskli qrupların bu müayinədən yayınması belə xəstələrin göstəriləndən daha artıq olduğunu deməyə əsas verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB