İtaliyada ATƏT Parlament Assambleyasının 9-cu payız sessiyası öz işini davam etdirir
İtaliyanın Palermo şəhərində ATƏT Parlament Assambleyasının 9-cu payız sessiyası öz işini davam etdirir. SİA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, quruma üzv olan 50 ölkədən 200-dən artıq deputatın qatıldığı sessiyanın işində Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sessiyanın ilk günü-Siciliya Regional Assambleyasının rəhbəri Françesko Kassio, İtaliya Deputatlar Palatasının sədri Canfranko Fini, ATƏT Parlament Assambleyasının sədri Petros Eftimio, İtaliyanın xarici işlər naziri Franko Frattini, Siciliya muxtar regionunun prezidenti Raffaele Lombardo açılış nitqləri söyləyiblər. ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimio çıxış edərək bildirib ki, Assambleyanın Aralıq dənizi hövzəsinə həsr olunmuş toplantıları gələcəkdə intensivləşəcək. O, qeyd edib ki, bu region mühüm geostrateji əhəmiyyət kəsb edir və iqtisadi, elmi və mədəniyyət tədbirləri sayəsində inkişaf üçün geniş imkanlar açır.
Ötən gün isə sessiya çərçivəsində "Transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə" başlığı altında konfrans keçirilib. Konfransda 2000-ci ildə BMT-nin dəstəyi ilə qəbul edilmiş "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiya"nın (Palermo Konvensiyası) qüvvəyə minməsindən ötən on il ərzində görülmüş işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, korrupsiya və insan alverinə qarşı mübarizəyə xüsusi diqqət ayrılıb.
Sessiyanın yekununda ATƏT PA-nın daimi komitəsinin iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB