Qırğızıstanda parlament seçkiləri başa çatıb

Qırğızıstanda parlament seçkiləri başa çatıb

Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. SİA-nın məlumatəna görə, Qırğızıstanda səs vermə hüququ olan 2 milyon 836 min 568 seçicinin 1 milyon 590 min 463-ü səs verib ki, bu da seçicilərin 55,75 faizini təşkil edir. Xarici ölkələrdə səs vermə hüququ olan Qırğızıstan vətəndaşlarının 57,28 faizi də seçkilərdə iştirak edib.

Seçkiləri 52 ölkəni təmsil edən 850 beynəlxalq müşahidəçi izləyib. Qırğızıstana ATƏT, MDB Parlamentlərarası Assambleyasının İcraiyyə Komitəsi, seçkilərin təşkili və müşahidəsi üzrə Avropa Şəbəkəsi və digər təşkilatlar öz missiyalarını göndəriblər.

Seçkilərin gedişini Azərbaycan Milli Məclisinin deputatları Səfər Məmmədov və Rüfət Quliyev, Mərkəzi Seçki Komissiyasının nümayəndələri Rəşid Yusifbəyli və Qabil Orucov izləyiblər. Bundan başqa, Türkdilli Ölkələrin Parlament Assambleyası missiyasının tərkibində Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov də seçkiləri izləmək üçün Qırğızıstana gedib.

Seçkilərin ilkin nəticələri oktyabrın 11-də elan ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə