Bu gün şərqşünas alim Aida İmanquliyevanın dünyaya göz açdığı gündür
Oktyabrın 10-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri -şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dünyaya göz açdığı gündür. Qədirbilən xalqımız hər il bu günü alimin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq silsilə tədbirlərlə qeyd edir.
SİA-nın məlumatına görə, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmış, 132 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ali təhsil alıb.
1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib.
Onun elmi rəhbəri dünya şöhrətli şərqşünasımız, professor Rüstəm Əliyev olub. Aspiranturada təhsil aldığı müddətdə Aida xanım özü üçün tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçib.
O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olub. Professor Aida İmanquliyeva çox az insana nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. O, 20 ildən artıq müddətdə Bakı Dövlət Universitetinun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik edib.
Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun mahir mühazirəçi olduğunu qeyd edirlər. Bu günün tələbələri isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən bəhrələnirlər. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarındandır.
Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.
Aida İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək ediblər.
Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.
Eyni zamanda, Aida xanım Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli iş görmüş, bir sıra görkəmli ərəb yazıçılarının əsərlərini dilimizə çevirib. Aida xanım az ömür yaşasa da, xosbəxt insandır. Ona görə xosbəxtdir ki, o, böyük alimdir, əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur, oxunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir.
Ona görə xoşbəxtdir ki, özündən sonra ölkənin birinci xanımı, bu gün hər bir azərbaycanlı ailəsinin sevimlisi olan Mehriban xanım Əliyeva, tanınmış alim, nadir istedadlı ziyalı qadın Nərgiz Paşayeva kimi iki gözəl övlad, bir-birindən qəşəng və ağıllı neçə-neçə nəvə-nəticə qoyub gedib. Filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında alim, təşkilatçı, ana, zərif qadın kimi çox yazılıb və bundan sonra daha çox yazılacaqdır. Çünki zaman ötdükcə biz Aida xanımın böyüklüyünü, kamilliyini və zənginliyini daha yaxşı duyur, daha dərindən dərk edirik. Onun hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini ön plana çəkmək müşkül məsələdir. Çünki Aida xanımdakı bu cəhətlər bir-biri ilə elə möhkəm çulğalaşır ki, onları ayırmaq qeyri-mümkündür. İstər-istəməz ona hərtərəfli yanaşmalı, ondan hərtərəfli bəhs etməli olursan...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB