Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov ilk olaraq Komissiyaya yeni üzvlərin seçilməsi ilə bağlı Milli Məclisin qərarını oxuyub. O, MSK yeni üzvləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimovu, Müsavat Partiyasından Gülağa Aslanlını və heç bir partiya mənsubiyyəti olmayan bitərəf Arifə Muxtarovanı təbrik edərək ümid etdiyini bildirib ki, yeni üzvlər onlara göstərilən etimadı doğruldacaqlar. M. Pənahov bundan sonra MSK fəaliyyətini tam tərkibdə davam etdirəcəyini vurğulayıb.

 

Daha sonra MSK katibi Natiq Məmmədov və Komissiya üzvləri 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərin, partiya və bloklardan namizədliyini irəli sürən şəxslərin şikayətləri ilə bağlı məlumat verib. Müzakirələrdən sonra MSK-ya daxil olmuş müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, onların bir hissəsinin baxılma müddəti uzadılıb, bir hissəsi yenidən baxılmaq üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib, bir hissəsi də ortada mübahisə obyekti olmadığına görə, əsassız sayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə