Parlamentdə 4 komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib

Parlamentdə 4 komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib
Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə, İnsan haqları, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov layihənin parlamentə ölkə başçısı tərəfindən təqdim olunduğunu bildirib. O deyib ki, hər il olduğu kimi 2011-ci ilin büdcə layihəsi də "Büdcə sistemi haqqında" qanun layihəsinin tələblərinə uyğun olaraq hazırlanıb.

Çıxışı zamanı son 6-7 ildə ölkədə gedən iqtisadi inkişafdan danışan komitə sədrinin sözlərinə görə, hər bir ölkənin dövlət büdcəsi həmin ölkənin iqtisadi konstitusiyasıdır. O bildirib ki, 2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ehtiyatlı proqnozlara əsaslanıb: "Gələn ilin büdcəsində müdafiə, təhlükəsizlik sahəsində də xeyli artım var. Hazırda ölkədə hərbi quruculuq və müdafiə sahəsində xeyli işlər gedir. İqtisadiyyat inkişaf etdikcə, digər sahələr də inkişaf edir ki, bununda əsasında büdcə durur. Gələn ilin büdcəsində bütün sahələrdə artım nəzərdə tutulub".

Maliyyə nazirinin müavini İlqar Fətizadə çıxışında 2011-ci ilin büdcə layihəsinin gəlir və xərcləri ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulur. Bunun cari illə müqayisədə 4,8 faiz çox olduğunu deyən nazir müavinin sözlərinə görə, xərclərin isə 12 milyard 748 milyon manat olması planlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır: "Büdcə layihəsində sosial yönümlülük prioritet istiqamət kimi saxlanılacaq. Belə ki, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcək. Layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12 061 000,0 min manat, xərclərini 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 min manat, yerli xərcləri 1 307 540,0 min manat) məbləğində təsdiq etmək nəzərdə tutulur. Dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 690 000,0, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 210 000,0, əlavə dəyər vergisi 2 121 600,0, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818 000,0, aksiz vergisi 495 000,0 min manat həcmində göstərilib".

İ.Fətizadə vurğulayıb ki, dövlət büdcəsində bir barel neftin qiyməti 60 dollar məbləğində müəyyən edilib. Büdcənin gəlirlərinin ÜDM 30 faizi həcmində 2010-cu illə müqayisədə 4.8 faiz çox planlaşdırıldığını deyən nazir müavini qeyd edib ki, məqsədli dövlət proqramlarının və tədbirlər üçün xərclərin 42.3 faiz məbləğində və ya 5 milyard 390 milyon manat ayrılıb. Onun sözlərinə görə, bu cari xərclərin tərkibində sosial müdafiə və ya sosial təminatlı xərclərin xüsusi çəkisi 10.4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq xərcləri 3.5, səhiyyə 4.3, kommunal təsərrüfat xərcləri 1.8, mədəniyyət, incəsənət, KİV xərcləri 1.6 faiz, elm xərcləri 0.9 faiz, təhsil xərcləri 10.5 faiz, əsas bölmədə aid edilməyən xərclər 6.3 faiz, dövlət əsaslı vəsait xərcləri isə 26.5 faiz təşkil edib.

"Sosialyönümlü xərclərin büdcədəki çəkisi 33.3 faiz nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 8.8 faiz artıq planlaşdırılıb. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 500 milyon manatadək məbləğ nəzərdə tutulub. Elm, təhsil, səhiyyə, gənclər, bədən tərbiyəsi və digər sahələr üçün 3 milyon 518 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7.5 faiz çoxdur. Məqsədli dövlət tədbirlərin və proqramların maliyyə təminatı üçün 320 milyon vəsait nəzərdə tutulub. Ayrı-ayrı uşaq, qadın hüquqları, gender siyasəti həyata keçirilməsi istiqamətində və digər bu kimi məsələlərin həlli üçün büdcədə 2 milyon manat vəsait planlaşdırılıb. Bu da cari illə müqayisədə 18.48 faiz çoxdur. Ombudsmana dövlət büdcəsindən 1.4 milyon vəsait ayrılıb. Qaçqın və məcburi köçkünlər üçün büdcədə 196.3 milyon vəsait nəzərdə tutulub. Dövlət müdafiə sahəsinə, sosial layihələrin həyata keçirilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsi ilə birgə müdafiə xərcləri 2011-ci ilin büdcəsində 18.9 faiz həcmində və ya bu illə müqayisədə 9.1 faiz çox maliyyə ayrılması nəzərdə tutulub. Məhkəmə sistemləri, hakim korpuslarının yeniləşdirilməsi üçün büdcədə 43 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 3.8 faiz artıb. Xarici dövlət borcu 2010-cu il üçün gözlənilən ÜDM-nın 7.1 faizini təşkil edilib ki, bu da normal hesab edilir. Büdcə hazırlanarkən ölkənin xarici borcu əvvəlki illə müqayisədə 700 milyon manat azalıb. Yeni büdcədə ölkənin daxili və xarici borclarının silinməsi üçün 347 milyon vəsait proqnozlaşdırılıb", - deyə o əlavə edib.

İclasın davamında millət vəkili Aydın Mirzəzadə büdcəyə dair öz fikirlərini bildirib. Onun sözlərinə görə, büdcənin müzakirəsi onu göstərir ki, 2011-ci ilin büdcəsi nəinki indiki iqtisadiyyatın, həmçinin də iqtisadiyyatın gələcək inkişafına da böyük təsir göstərəcək: "Dünya böhran içindədir. Azərbaycan da izolyasiya olunmayıb ki, bu böhrandan təsirsiz keçsin. Amma buna baxmayaraq ölkə iqtisadiyyatının hazırki vəziyyətdə olması Azərbaycanda iqtisadi siyasətin düzgün aparıldığını sübüt edir".

Daha sonra iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva büdcəyə dair öz təkliflərini irəli sürüb. O bildirib ki, 2011-ci ilin büdcəsində investisiya xərcləri artırılmalıdır. Onun sözklərinə görə, bu xərclərin artırılması ölkədə bir sıra problemlərin qarşısının alınmasında böyük təsir edir. Q.Paşayeva deyib ki, həmin investisaiyalar bölgələrdə su, qaz, elektrik, yollarla bağlı layihələrin həyata keçirilməsində vacibdir.

İclas müzakirələr əsasında davam edib. İclasda millət vəkilləri Asim Mollazadə, Pənah Hüseyn, Ombudsman Elmira Süleymanova və digərləri öz təklif və fikirlərini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə