Pekin və Ankara dolları oyundan kənar etdi

Çin baş naziri Vin Ciabaonun Türkiyəyə səfəri önəmli qərarlarla diqqət çəkdi. Bu qərarlardan ən önəmlisi isə ABŞ-ı narahat etməyə bilməz. Əldə olunan razılaşmaya görə, iki ölkə arasındakı ticarət bundan sonra ölkələrin milli pul vahidləri, türk lirəsi və juan ilə aparılacaq. Səfər çərçivəsində bir sıra sahələri əhatə edən 8 razılaşma imzalanıb. Bundan sonra Türkiyə- Çin əlaqələri strateji ortaqlıq səviyyəsinə qaldırılacaq. Türkiyə və Çin, başda nüvə olmaqla enerji sahəsində əməkdaşlıq edəcək. Hal-hazırda qeydə alınan 17 milyard dollarlıq ticarət dövriyyəsinin həcmi beş ildə 50 milyard dollara, 10 il içində də 100 milyard dollara qaldırılması nəzərdə tutulub.

 

İki ölkə aralarındakı münasibətlərlə bağlı yeni dövrə başlayacağına qərar verilib. Ankara və Pekin ticarəti milli pul vahidləri ilə etməklə ABŞ-ın narahatlığının əbəs olmadığını göstərib. Türkiyə bundan əvvəl isə Rusiya və İranla ticarətin lirə ilə aparılması haqqında razılaşma əldə edib. Bu baxımdan Ankaranın ABŞ dollarına formalaşan yeni münasibətin hansı formada olduğu açıq-aydın görünür.

 

Çin baş naziri ilə birgə mətbuat konfransında Türkiyənin baş naziri iki ölkənin xeyli sahədə əməkdaşlıq imkanının olduğunu deyib. Əskişehir-İstanbul və Ankara- Sivas sürətli qatar layihələrində iki ölkənin birlikdə çalışdığını xatırladan Ərdoğan 4500-5000 kilometrlik bir şəbəkəni də Çin ilə birlikdə inşa etməyi düşündüklərini bildirib. Danışıqların çox məhsuldar keçdiyini qeyd edən Türkiyənin baş naziri İstanbulu Pekinə bağlamaq istədiklərini söyləyib: "Qars-Tiflis- Bakı dəmiryolu xətti ilə əlaqədar atdığımız addımlar var. Lakin biz İstanbulu Pekinə bağlayacaq addımların atılmasında qətiyyətliyik. Bununla tarixi İpək Yolunun da yenidən inşa edilməsi imkanını əldə etmiş olacayıq".

 

Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ Türkiyə-Çin əlaqələrinin inkişafından olduqca narahatdır. Məlumdur ki, qarşıdakı illərdə ABŞ özünün əsas iqtisadi rəqibi kimi Çini görür. Bu baxımdam Çinin istənilən ölkə ilə əməkdaşlığı Vaşinqtonda qısqanclıq yaratmaya bilməz. Çinlə əməkdaşlığı genişləndirən ölkənin onun NATO-da ən vacib tərəfdaşlarından olması, eləcə də yerləşdiyi bölgədə kifayət qədər nüfuz sahibi olması Vaşinqtonu yerindən oynadan amillərdir. ABŞ nə olursa-olsun, Orta Şərqi təsiri altında saxlamaq istəyir. Bunun üçün isə ABŞ-a Türkiyəni regionda əvəz edə biləcək ikinci ölkə yoxdur.

 

Türkiyənin İsrail ilə keçirəcəyi hərbi təlimi ləğv edərək Çinlə təlim keçirməsi və İranın Çindən raket texnologiyası almasından sonra ABŞ, eyni zamanda İsrail bu ölkələrin addımlarını daha diqqətlə izləməyə başlayıb. Vaşinqton və Təl-Əviv Ankara-Pekin, eyni zamanda Ankara-Pekin-Tehran əlaqələrindən narahatdır. Bir neçə gün əvvəl İsrailin "Haaretz" qəzeti 2008-ci ilə qədər İsrail Hava Qüvvələrinin Türkiyə hava sahəsini tez-tez dolaşdığını yazıb və bildirib ki, indi bu əlaqələr tərsinə dönüb: "Türkiyə 2009-cu ildə İsrailin "Anadolu qartalı" təlimində iştirak etməsinə qarşı çıxdı. ABŞ-da Türkiyənin bu qərarına görə, bu il təşkil ediləcək təlimə qatılmaqdan imtina etdi. Bəzi NATO ölkələri eyni qərarı verdi. Türkiyə İsrail Hava Qüvvələrinin yerini Çin Hava Qüvvələri ilə doldurdu. Çin türk "F-16"ları ilə birgə təlim alması üçün "Sukhoi SU-27" döyüş təyyarələrini və pilotlarını göndərdi. Keçmişdə bu cür təlimlər hamının gözü qarşısında edilərdi, ancaq keçən həftə gizli bir şəkildə reallaşdırıldı. Türk mətbuatı təlim qurtarmasından sonra xəbər verdi və üzərində çox dayanmadı".

 

Maraqlıdır ki, Türkiyənin üzünü Qərbdən Şərqə çevirməsi ilə bağlı Avropa ölkələrindən də narahatlıq dolu bəyanatlar səslənir. Hər il aprel ayı yaxınlaşanda qondarma erməni soyqırımı ilə Türkiyəni sınağa çəkən ABŞ, Türkiyənin məhz müsəlman ölkəsi olduğuna görə, Avropanı Birliyinə yaxın qoymayan Avropa, illərdir ki, Fələstini həbsxanaya çevirən İsrail bəs nə gözləyirdi? Onilliklərdir ki, sığındığı Qərbdən gördüyü dönüklüyün bir cavabı olmalı idi, ya jox?

Bütün xəbərlər Facebook səhifəmizdə