YAP bundan sonra da Azərbaycanın inkişafına mühüm töhfələrini verəcək AÇIQLAMA
“Yeni Azərbaycan Partiyası 25 ildir müstəqil Azərbaycanın inkişaf tarixinə bələdçilik edir. Sirr deyil ki, ölkəmizin inkişafında, tərəqqisində YAP-ın üzvlərinin fəaliyyəti və töhfəsi böyükdür. Partiyamızın sədri, cənab Prezident İlham Əliyev noyabrın 14-də keçirilmiş yubiley tədbirində YAP-ın üzvlərinin fəaliyyətini, töhfələrini bir daha yüksək qiymətləndirdi. Düşünürəm ki, bu, hər bir partiya üzvü üçün yüksək dəyərdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev proqram xarakterli çıxışında ölkəmizin inkişafı barədə, eyni zamanda, anti-Azərbaycan qüvvələrinin təxribatları haqqında çox mühüm məqamları ictimaiyyətin diqqətinə çatdırdı: “Cənab Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü böhranlı vəziyyətdən, o zamanki səriştəsiz hakimiyyətin ölkəmizi saldığı çətin durumdan, eyni zamanda, respublikamızın xilası naminə cəsarətli addımları ilə ulu öndər Heydər Əliyevə dəstək vermiş “91”lərin fəaliyyətindən, azərbaycançılıq ideologiyasının cəmiyyətimizə təsirindən danışdı. Eyni zamanda ölkəmizin sürətli inkişafından və əldə olunan nailiyyətlərdən bəhs edən cənab Prezident İlham Əliyev respublikamızın uğurlarına kölgə salmağa çalışanların nəticəsiz təxribatlarını da diqqətə çatdırdı”.
“Ümumiyyətlə, bu bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının aparıcı qüvvəsi kimi böyük rola malikdir. Baxmayaraq ki, radikal müxalifət, “beşinci kolon” xarici anti-Azərbaycan qüvvələrinin direktivlərilə ölkədəki sabitliyi pozmağa cəhd göstərir, amma xalq onlara dəstək vermir. Çünki, YAP hər zaman xalqın yanındadır, xalqın partiyası kimi bütün işlərində milli maraqları əsas tutur. Odur ki, YAP bundan sonra da Azərbaycanın inkişafına mühüm töhfələrini verəcək” – deyə Sədaqət Vəliyeva əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB