Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi Parisdə müzakirə olunacaq

Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi Parisdə müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin bərpası ilə əlaqədar AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzvləri ilə iki gün ərzində keçirdiyi görüşlər barədə büro üzvlərinə məlumat verib. SİA-nın xəbərinə görə, sədr bildirib ki, büro yığıncağında alt komitənin fəaliyyətinin bərpası ilə bağlı ayrıca məsələ müzakirə edilməyib. Sadəcə olaraq, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsinin büronun dekabrın 18-də Parisdə keçiriləcək yığıncağında müzakirə edilməsi qərara alınıb.

 

M.Çavuşoğlu Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə görüşlərində hər iki tərəfin məsələnin büro iclasında müzakirə edilməsi ilə əlaqədar ümumi razılığa gəldiklərini diqqətə çatdırıb. O bildirib ki, AŞPA katibliyi bu məsələ ilə bağlı müəyyən təkliflərin verilməsi istiqamətində çalışır.

 

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının sonuncu iş günü olub. Sessiyada sığınacaq istəyən şəxslərlə əlaqə, Baltik dənizi regionunda sosial-iqtisadi potensialın inkişafı problemi və digər məsələlər müzakirə edilib.

 

Sonda AŞPA bürosunda sessiyanın gedişi ətrafında fikir mübadiləsi aparılıb. Bununla da, AŞPA-nın payız sessiyası başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə