Ermənistan AŞ PA Monitorinq komitəsinin məruzəçilərinin səfərini yenidən təxirə saldı

Ermənistan AŞ PA Monitorinq komitəsinin məruzəçilərinin səfərini yenidən təxirə saldı

Ermənistan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin məruzəçilərindən səfərlərini təxirə salmağı xahiş edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu AŞPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutyunyan bildirib.

 

O, bu halın heç bir siyasi məqsəd daşımadığını, problemin texniki xarakterli olduğunu bildirib: "Bildiyiniz kimi, oktyabrın 19-21-i İrəvanda demokratiyanın gələcəyi mövzusunda forum keçiriləcək. Bu isə Avropa Şurasının keçirdiyi ən vacib tədbirlərdəndir. Lakin müddətlər gözlənilmədən dəyişdi və AŞPA baş katibi oktyabrın 20-də yüksək vəzifəli rəsmilərlə birgə görüşdə iştirak etməlidir. Ona görə də biz həmməruzəçilərin səfərinin təxirə salınmasını xahiş etməyə məcbur olduq. Əsas səbəb bizim həmməruzəçilərin səfərinə hazırlaşmağımız və mümkün qədər daha yüksək səviyyədə görüşlər təşkil etməyimizdir. Qrafikin dəyişməsi ilə həmməruzəçilərin səfərinin lazımi səviyyədə təşkil olunmasında bizim çətinliklərimiz əmələ gəldi".

 

Onun sözlərinə görə, həmməruzçilər Ermənistana dekabr və yaxud gələn ilin yanvarında səfər edəcəklər.

 

Qeyd edək ki, səfərin gecikməsi ilə bağlı öz etirazını bildirən İsveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ermənistan üzrə həmməruzəçi Qoran Lindblad Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutyunyana və AŞPA-nın baş katibi Mateo Sorinasa məktub göndərmişdi. Qoran Lindblad məktubunda bildirib ki, rəsmi İrəvan həmsədrlərin səfərlərinə şəxsən ona görə mane olmağa çalışır. Belə ki, o, demokratiya dəfərləri və insan hüquqları məsələlərində daha prinrsipial mövqe tutur. Serj Sarkisyan rejimi isə monitorinq səfərlərini ləngitməklə isveçli millət vəkilinin başqa deputatla əvəzlənməsinə nail olmaq istəyir.

 

O, qeyd edib ki, monitorinq prosesinə maneəçilik törədilməsi Parlament Assambleyasına və Avropa Şurasının əsas dəyərlərinə təhqirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə