Bu gün poçt işçilərinin peşə bayramıdır

Bu gün poçt işçilərinin peşə bayramıdır
Bu gün - 9 oktyabr dünyada "Ümumdünya Poçt Günü" kimi qeyd olunur. SİA-nın məlumatına görə, 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan "Bern sazişi" imzalanıb. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt Birliyi adlandırılır. Hal-hazırda birliyin tərkibində 189-dan çox ölkə var. "Ümumdünya Poçt günü" hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- "Beynəlxalq məktub həftəsi" adı altında keçirilir.

Qeyd edək ki, peşə bayramının qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətində bu günlərdə bir sıra hazırlıq tədbirləri görülür. Müvafiq Tədbirlər Planına uyğun olaraq ötən həftə ölkənin bütün poçt şöbələrinin ətraf ərazilərində səliqə-sahman və abadlıq yaradılması məqsədilə iməciliklər təşkil olunub. Bayram münasibətilə ÜPİ-nin üzvü olan ölkələrə, eləcə də təşkilatın rəhbərliyinə təbrik məktubları göndərilib.

Ötən gün Göygöl rayonun Aşıqlı və Şəhriyar, eləcə də Daşkəsən rayonunun Quşçu və Əmirvar kəndlərində bütün lazımi müasir avadanlıqla təchiz edilən yeni poçt şöbələri açılıb.

Bu gün isə Ümumdünya Poçt İttifaqının yaradılmasının 136-cı ildönümü münasibətilə respublikanın bütün poçt şöbələrində bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Azərpoçt MMC-nin inzibati binasında əl işləri sərgisi təşkil olunacaq. Bayram tədbirlərinə həmçinin işlərində fərqlənən poçt əməkdaşlarının fərmanlarla təltif edilməsi və mükafatlandırılması daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə