Qardaş Türkiyə düşmənin “dəyirmanını” susuz qoydu! SİYASİ RAKURS

Qardaş Türkiyə düşmənin “dəyirmanını” susuz qoydu! SİYASİ RAKURS

İşğal altında olan ərazilərimizə səfər edən şəxslər kimliklərindən, hansı ölkənin vətəndaşları olmasından asılı olmayaraq, qanunun sərt tərəfi üzü ilə üzləşəcək

Hələ bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər edən 4 nəfər Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işinin qaldırılması bəlli olub. SİA xəbər verir ki, artıq bu barədə qərar verilib. Əldə etdiyimiz məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addımlar atılıb və onların cəzalandırılması gözlənilir.

O da tarixi həqiqətdir ki, qardaş Türkiyə Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonrakı 24 il ərzində Ermənistanın üzünə sərhədlərini bağlayıb

Qeyd edək ki, bu şəxslərin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikləri ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də kəskin etirazlara səbəb olub və müxtəlif ictimai, siyasi xadimlər bu addımı lənətləyərək, həmin şəxslərin cəzalandırılması vacibliyini bildiriblər. Belə ki, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zidd olan addımına qiymət verilməsini zəruri sayan insanlar məhz bu tələbi irəli sürüblər. Beləliklə, 4 xəyanətkarın cəzalandırılmaları üçün edilən etirazlar qardaş Türkiyənin hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzərə alındı. Çünki bu qərar verilməsəydi, Azərbaycan öz müstəqilliyini elan edəndən hazırkı dövrə qədər işğal faktı ilə barışmayan Türkiyənin həmin addımı anlaşılan olmazdı. Eləcə də tarixi həqiqətdir ki, qardaş Türkiyə Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonrakı 24 il ərzində Ermənistanın üzünə sərhədlərini bağlayıb. Məhz bu baxımdan, 4 nəfər Türkiyə vətəndaşının Ermənistanı yolu ilə Qarabağın işğal olunmuş ərazilərinə səfər etməsi düşmənin dəyirmanına su tökmək faktı kimi qiymətləndirilirdi. O cümlədən, erməni mediası həmin xəyanətkarlıq addımını öz xeyrinə tərəf yönlətməyə başlamışdı.

Azərbaycan hüquq mühafizə orqanları da Türkiyənin məlum vətəndaşları ilə bağlı cinayət işi açıb

Yeri gəlmişkən, Azərbaycan hüquq-mühafizə orqanları da Türkiyənin məlum vətəndaşları ilə bağlı cinayət işi açıb. Bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Bildirilirdi ki, həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bununla Türkiyə tərəfinin də Azərbaycan qanunlarına bənzər və yerində addım atması bir daha sübut edir ki, işğal altında olan ərazilərimizə səfər edən şəxslər kimliklərindən, hansı ölkənin vətəndaşları olmasından asılı olmayaraq, qanunun sərt tərəfi üzü ilə üzləşəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə