"Türkiyə Əfqanıstana əlindən gələn dəstəyi göstərəcək"

"Türkiyə Əfqanıstana əlindən gələn dəstəyi göstərəcək"

Türkiyədə səfərdə olan NATO-nun baş katibi Anders Foq Rasmussen bir sıra görüşlər keçirib. SİA-nın məlumatına görə, Rasmussen öncə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, daha sonra isə baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.

NATO-nun baş katibi Ankarada verdiyi açıqlamada gələn ay keçiriləcək NATO sammiti, NATO-Avropa Birliyi əlaqələri və Əfqanıstan məsələlərini müzakirə edəcəyini söyləyib. O, Türkiyənin Əfqanıstanda göstərdiyi xidmətlərdən məmnunluq ifadə edib. Rasmussen "Bütün müttəfiqlərimizdən olduğu kimi, Türkiyədən də Əfqanıstan polisinin və əsgərinin təlimdən keçirilməsi üçün daha çox dəstək gözləyirik" deyib.

NATO-nun baş katibi xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfransında da İSAF Kabul Bölgə komandanlığı vəzifəsini bir il uzatma qərarına görə Türkiyəyə təşəkkür edib.

Daha sonra baş nazirlə yarım saatlıq görüş keçirən Rasmussen Ərdoğana da Türkiyənin Əfqanıstanda verdiyi təlimlərin böyük əhəmiyyət daşıdığını bildirərək, bu fəaliyyətlərin davam etməsinin vacibliyini vurğulayıb.

Ankaranın NATO içərisindəki rolunun hər keçən gün gücləndiyini deyən Rasmussen Türkiyənin alyans üçün əhəmiyyətli ölkə olduğunu bildirib.

Baş nazir Ərdoğan da Rasmussenə Türkiyənin Əfqanıstana əlindən gələn dəstəyi göstərəcəyini bildirərək, NATO-ya da müttəfiq olaraq töhfələrini verəcəklərini deyib

Bütün xəbərlər Facebook səhifəmizdə