Hamadun Ture Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi seçilib

Hamadun Ture Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi seçilib

Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv ölkələr Hamadun Tureni yenidən dördillik müddətə təşkilatın baş katibi seçiblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçki prosesi Meksikanın Qvadalaxara şəhərində BTİ-nin ali orqanı olan Səlahiyyətli Konfransı çərçivəsində həyata keçirilib.

Konfransda iştirak edən 157 ölkənin 151 nümayəndəsi H.Turenin namizədliyini dəstəkləyib.

H.Ture yüksək etibara görə tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, gələcək fəaliyyətində genişzolaqlı internetin inkişafına xüsusi diqqət ayıracağını vurğulayıb. Baş katib Yer kürəsinin hər bir sakininin internetə qoşulmaq, buradakı informasiyadan faydalanmaq, onu yaratmaq və təhlükəsiz, eləcə də əlçatan yolla digərləri ilə bölüşmək imkanı olmasını arzulayıb.

Qvadalaxarada BTİ baş katibinin müavini vəzifəsinə yenidən Houlin Çjao seçilib.

Səlahiyyətli Konfrans çərçivəsində, həmçinin Telekommunikasiya üzrə Standartlaşdırılma, Radiorabitə və Telekommunikasiya İnkişafı bürolarının direktorları, eləcə də Radioreqlament Komitəsinin üzvləri seçilir.

Telekommunikasiya üzrə Standartlaşdırılma Bürosunun direktoru vəzifəsinə yenidən Malkolm Conson seçilmişdir. Digər namizədlərin seçimi hazırda davam edir.

Oktyabrın 11-də isə konfransda BTİ-nin Şurasına üzvlər seçiləcəkdir. Azərbaycan da şuraya üzv qəbul olunmaq üçün namizədliyini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə