Yeni Azərbaycan Partiyası ilə daha xoşbəxt və firavan gələcəyə doğru ŞƏRH

Yeni Azərbaycan Partiyası ilə daha xoşbəxt və firavan gələcəyə doğru ŞƏRH

Dünyanın keçmiş və müasir tarixinə nəzər saldıqda, şahidi oluruq ki, dövlətlərin müstəqillik əldə etməsində xalqların mübarizəsi ilə yanaşı, mövcud siyasi vəziyyətlərin reallığı da müstəsna rol oynayır. Əldə olunan müstəqilliyin qorunub-saxlanmasında və inkişaf etdirilməsində isə tarixi şəxsiyyətlərə və liderlərə ehtiyac var. Yalnız analitik təfəkkürə malik intellektual və xarizmatik lideri olan xalqlar əldə etdikləri müstəqilliyi qoruyub- saxlaya bilirlər. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarındandır ki, minlərlə şəhidinin qanı ilə əldə etdiyi müstəqil dövlətinin gələcək taleyinin böyük sual altında olduğu ilk illərdə Ulu Öndər Heydər Əliyev dövlətin və xalqın harayına çatdı. Siyasi və iqtisadi xaosun tüğyan etdiyi 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını siyasi iflasdan və iqtisadi tənəzzüldən xilas edə bildi. Böyük dövlətçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev xalqın birliyinin təmin olunmasını, müstəqilliyin möhkəmləndirilməsini və iqtisadi inkişafı dövlətçilik strategiyasının prioritet istiqaməti olaraq müəyyənləşdirdi. Lakin buna qədər keçiləcək böyük və çətin yol var idi...

Ulu Öndər Heydər Əliyev - Yeni Azərbaycan Partiyası ideologiyasının banisi

Hələ ötən əsrin 90-cı illərin əvvəllərində dövlətimiz müstəqilliyə nail olduqdan sonra ölkədə ciddi siyasi böhran yaşanmağa başladı. Bir tərəfdən, hakimiyyətdəki səriştəsiz və siyasi idarəetmədən uzaq olan insanların olması, digər tərəfdən, Ermənistanın ərazilərimizi işğal etmək məqsədilə dövlətimizə qarşı apardığı müharibə ölkədə yeni siyasi qüvvənin yaranmasını qaçılmaz edirdi. Artıq hər bir kəs əmin idi ki, düşmənçilik həddinə qədər qalxmış daxili siyasi problemlərdən və iqtisadi böhrandan Azərbaycanı yalnız yeni siyasi sağlam qüvvə xilas edə bilər. Cəmiyyət bütünlüklə xalqın inamını doğruldacaq, vətəndaş müharibəsinin astanasından vahid həmrəyliyə aparacaq LİDERƏ ehtiyac duyurdu. 1992-ci ilin oktyabr ayında ölkənin bir qrup ziyalısı "SƏS" qəzetinin vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə bu məqsədlə müraciət ünvanladılar. Halbuki 1992-ci ildə respublikanın müharibə şəraitində olmasına baxmayaraq, mərkəzi hakimiyyətdə siyasi postlar uğrunda mübarizələr gedirdi. Əlbəttə ki, o vaxt hakimiyyətdə təmsil olunan bu səriştəsiz qüvvələr öz siyasi maraqları naminə imkan verməzdilər ki, xalqı və dövləti böhrandan xilas edəcək yeni siyasi qüvvə meydana gəlsin. Ona görə də, bütün vasitələrlə xalqın tələbindən yaranan yeni siyasi partiyanın yaranmasına maneçilik törədirdilər.

Lakin qətiyyət və mərdlik mücəssəməsi öz sözünü dedi. Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının təsis konfransı cəmiyyətin bütün təbəqələrini təmsil edən 500-dən çox nümayəndənin iştirakı ilə 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi. Bununla da Azərbaycanın siyasi arenasında onu siyasi xaosdan xilas edəcək, iqtisadi tərəqqiyə yüksəldəcək və cəmiyyəti vahid qüvvə olaraq dövlətçilik prinsipləri ətrafında cəmləyəcək güclü partiya meydana gəldi.

Azərbaycanın ağır dövründə xalqın israrlı çağırışları ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya gəldi. Böyük siyasi təcrübəyə malik, Vətənimizin hər bir diyarında sevilən, sonsuz rəğbət bəslənən Ulu Öndər Heydər Əliyev qısa bir zaman kəsiyində vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-ci ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin (indiki Milli Məclis-müəl.) Sədri seçildi. Bununla da Azərbaycan Respublikasının qızıl dövrü başladı.

Heydər Əliyev - xalqın Ümummilli Lideri, Azərbaycan Respublikasının Prezidenti

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı tələbi ilə dövlət rəhbərliyinə qayıdışından sonra ölkənin taleyində ciddi dönüş başlandı. İctimai-siyasi sabitlik bərpa olundu və beynəlxalq siyasi əlaqələrin təməli qoyuldu. Qeyd edim ki, xarici siyasi əlaqələrin yaranmasında Ulu Öndərin parlaq şəxsiyyətinin əvəzsiz rolu danılmazdır. Vaxtilə SSRİ kimi nəhəng bir imperiyanın rəhbər şəxslərindən olmuş Ulu Öndər Heydər Əliyev dünyanın ciddi siyasi qüvvələri tərəfindən kifayət qədər tanınır və həmişə böyük hörmətlə qarşılanırdı. Ulu Öndərin sürətlə başlatdığı islahatlardan biri də Milli Ordunun yenidən formalaşdırılması oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabit kontingentinin təkmilləşdirilməsi, gənc kursantların xarici hərbi məktəblərə göndərilməsi və orduya yeni silah-sursatların alınması ilə ölkənin hərbi qüdrətinin inkişafına start verildi. Ulu Öndərin səyləri nəticəsində, bərpa edilmiş diplomatik əlaqələrin nəticəsi olaraq, işğalçı Ermənistanla atəşkəs imzalandı. Əlbəttə, Ulu Öndər çox gözəl dərk edirdi ki, iqtisadi gücə malik olmayan dövlət ərazi bütövlüyünü bərpa edə bilməz. Ona görə də, 1994-cü ildə Onun dövlətçilik əsərlərindən biri olan "Əsrin Müqaviləsi" imzalandı. Bu müqavilə bir vaxtlar xaosun və səfalətin tüğyan etdiyi Azərbaycan Respublikasının əbədi taleyini dəyişdi və onu dünyada söz sahibi etdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik ideologiyasının əsası qoyuldu. Ulu Öndər tərəfindən böyük məharətlə aparılan iqtisadi- siyasi islahatlar ölkə vətəndaşlarının həyatında müsbət dönüş yaratdı. Azərbaycanın beynəlxalq diplomatik əlaqələri ilə yanaşı, lobbi təşkilatları da yaradıldı. Dünyanın aparıcı nəhəng şirkətləri ölkənin iqtisadiyyatına əsaslı formada sərmayə qoydular. Dövlət sərhədlərinin bərpasına və ciddi formada qorunmasına başlanıldı. Bakı- Tbilisi- Ceyhan neft kəmərinin təməli qoyuldu. Ölkənin hər bir yerində torpaqların özəlləşdirilməsi həyata keçirildi. Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ikinci hakimiyyəti dövründə dövlətin bütün sahələri tam olaraq inkişafa qədəm qoydu.

İlham Əliyev - Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra böyük səs çoxluğu ilə Respublika Prezidenti seçilən İlham Əliyev Cənabları dövlətin iqtisadi və siyasi qüdrətini daha da artırdı. O, gənc olmasına baxmayaraq, müdrik və məqsədyönlü siyasi qərarları ilə Azərbaycanı regionun lider dövlətinə çevirməyi bacardı. Azərbaycan dünyada söz sahibinə çevrilə bildi. Bu gün regionda heç bir proyekt Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilmir. Xüsusilə, Azərbaycanın reallaşdırdığı nəhəng layihələr sırasına əlavə edilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də, TAP, TANAP və s. qlobal layihələrin gerçəkləşdirilməsi də bu faktoru ehtiva edir.

Ümumiyyətlə, Prezident İlham Əliyev Cənablarının respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq, dövlətin hərbi potensialı daha da inkişaf etdirildi. Bu gün Azərbaycan Qafqazın ən qüdrətli ordusuna malik olmaqla yanaşı, həm də hərbi istehsala malik dövlətdir. Respublika Prezidenti İlham Əliyev Cənablarının təşəbbüsü və qətiyyəti ilə yaradılan hərbi sənaye komplekslərimizdə istehsal olunan silah-sursatlar silahlı qüvvələrimizin istifadəsinə verilməklə bərabər, həm də dünya bazarlarına çıxarılır. Son illər ölkədə idmanın inkişafı, səhiyyə və təhsilə aid yeni komplekslərin tikilməsi, təmir olunması, müasir standartlara cavab verən zavod- fabriklərin istifadəyə verilməsi Respublika Prezidenti İlham Əliyev Cənablarının apardığı məqsədyönlü siyasətin bariz nümunəsidir. Bütün bunlarla yanaşı, ölkə başçımız Yeni Azərbaycan Partiyasının Sədri olmaqla, Azərbaycanda həyata keçirilən işlərdə partiyamızın da adını həkk edir. Çünki YAP xalqın partiyası olmaqla, dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna rol oynamaqdadır.

Əlbəttə ki, ölkəmizdə sosial layihələrin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri vardır. Onun, eləcə də, fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği istiqamətində dünyada gördükləri işlərin nəticəsi olaraq, bu gün Azərbaycan iqtisadi və siyasi qüdrətindən əlavə olaraq, mədəni səviyyəsi ilə də dünyanın marağını cəlb etməkdədir. Musiqimizi, xüsusən, muğamı dünya xalqlarına tanıtmaqla yanaşı, Heydər Əliyev Fondu mədəniyyətimizin digər sahələrinin inkişafına da töhfə verməkdədir.

Yeni Azərbaycan Partiyası və müasir Azərbaycan Respublikası

Ulu Öndər Heydər Əliyevin memarı olduğu yeni Azərbaycan Partiyası bu gün də xalqın etimad göstərdiyi və güvəndiyi partiyadır. Məhz bunun bariz nümunəsidir ki, bu gün YAP-ın 700 min üzvü var. Respublika Prezidenti İlham Əliyev Cənablarının Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası beynəlxalq münasibətlərə də xüsusi önəm verir. Örnək olaraq, Yeni Azərbaycan Partiyasının 2011-ci ildə ev sahibliyi etdiyi "Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar" adlı beynəlxalq konfransını və 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 18-ci iclasını göstərmək olar.

Partiyamızın "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!"- şüarı sıralarımızdakı yüz minlərlə mətin və mübariz insanların gələcəyə ünvanlanmış vətənpərvərlik çağırışıdır. Biz yüz minlərə çevrildiyimiz kimi milyonlara çevriləcək və Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının rəhbərliyi ilə Azərbaycanımızı xoşbəxt gələcəyə aparacağıq!

Muxtar NAĞIYEV,

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə