YAP-ın 25 yaşı Daşkəsəndə qeyd olunub

YAP-ın 25 yaşı Daşkəsəndə qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirib və partiya cəmiyyətimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib. SİA-nın verdiyi xəbərə görə, bu fikir YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yubiley tədbirində çıxış edərək bildirib ki, 1991-1993-cü illərdə xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilən Azərbaycan ciddi xaos, qardaş qırğını ilə qarşı-qarşıya qalmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması çoxəsrlik tariximizə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik, vahid rəhbərlik təmin edildi. Ulu öndər Heydər Əliyevin atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi, tarix baxımından qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olundu.

Qeyd edilib ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirib.

Diqqətə çatdırılıb ki, bu gün ölkədə gedən ictimai-siyasi hadisələrdə, seçkilərdə fəallıq göstərən daşkəsənlilər Yeni Azərbaycan Partiyasına daim sədaqət nümayiş etdiriblər. Bu səbəbdən də rayonda Yeni Azərbaycan Partiyasına alternativ ikinci partiya yoxdur. Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sıraları ildən-ilə genişlənir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların həyata keçirilməsi partiyanın ətrafına toplaşan insanlar üçün hər zaman fəaliyyət proqramı olub.

Digər çıxışlarda YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən söz açılıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilmiş idman yarışlarının qaliblərinə qiymətli hədiyyələr verilib, partiya sıralarına qəbul olunmuş gənc üzvlərə vəsiqələr təqdim edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun ictimai-siyasi həyatında və oktyabrın 30-da Dəstəfur kəndindəki meşə ərazisində baş vermiş yanğının söndürülməsində fəal iştirakına görə YAP fəalı Lalə Cəfərovanı fəxri fərmanla təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə