Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilib. SİA-nın xəbərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, respublikamız Avropaya inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilib, hüquqi dövlət quruculuğu sahəsində uğurlu nəticələr əldə edib: "Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən hüquqi dövlət prinsiplərini ardıcıl olaraq həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir". Ali Məhkəmənin sədri hüquqi dövlət quruculuğu sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışıb.

 

Plenumda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" qərar layihəsi müzakirə edilib. Müzakirələr zamanı qərar layihəsinin daha da təkmilləşdirilməsi üçün təhlillər aparılıb, təkliflər irəli sürülüb.

 

Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyalarının yeni tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının tərkibi, Ali Məhkəmənin Bülleteninin yeni redaksiya heyətinin tərkibi və Ali Məhkəmənin 2010-cu ilin ikinci yarısı üçün iş planı təsdiq edilib. Plenum konkret cinayət və mülki işlərə də baxıb. Müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edib.

 

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov və Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə