ABŞ-ın ATƏT-dəki daimi səfiri: “Biz Dağlıq Qarabağla bağlı tərəflərə “Yol xəritəsi”ni razılaşdırmağa dəvət edə bilərik”

ABŞ-ın ATƏT-dəki daimi səfiri: “Biz Dağlıq Qarabağla bağlı tərəflərə “Yol xəritəsi”ni razılaşdırmağa dəvət edə bilərik”

"Deməliyəm ki, biz Dağlıq Qarabağda təmas xətti boyunca insan ölümü ilə nəticələnən faciəvi insidentlərin artmasından çox narahatıq. Bu, olduqca narahat doğuran vəziyyətdir". SİA-nın verdiyi məlumata görə, bunu Brüsseldə olan ABŞ-ın ATƏT-dəki daimi səfiri Yan Kelli söyləyib. O deyib ki, Birləşmiş Ştatlar işğal altında olan Dağlıq Qarabağda vəziyyətin gərginləşməyindən narahatdır və ATƏT-in Astanada keçiriləcək sammiti zamanı hər iki münaqişə tərəfi üçün məqbul ola biləcək nizamlanma formulunun tapılacağına ümid bəsləyir: "Bu sammitə Bakı və Yerevan arasında yüksək səviyyəli dialoqun bərpası imkanı kimi baxırıq. Ümid edirik ki, hər iki tərəf sammitə qatılacaq. Biz hər iki tərəfin danışıqlar prosesi və münaqişənin nizamlanmasına aparacaq müəyyən və əsaslı prinsiplərə riayət etməyə dair üzərlərinə öhdəlik götürmələrini görmək istəyərdik. Biz tərəfləri münaqişənin nizamlanması üçün ən azından müəyyən "Yol xəritəsi"ni razılaşdırmağa dəvət edə bilərik. Biz buna ümid edirik".

 

ATƏT-in münaqişənin həllində özünəməxsus rol oynadığını qeyd edən diplomat hesab edir ki, Minsk qrupunun həmsədrləri çox aktivdirlər: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz rolunu yerinə yetirir. Beynəlxalq vasitəçilər ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu çərçivəsində çox fəaldırlar və daima bu regionda olur, Azərbaycan və Ermənistanla siyasi rəhbərlik səviyyəsində sıx əlaqə saxlayır və Bakı ilə İrəvan arasında dialoqu dəstəkləməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə