“10/10/10 Global Work Party” kampaniyasına Azərbaycan da qoşulacaq
10 oktyabr tarixində qlobal istiləşmə və iqlim problemlərini gündəmə gətirmək və birgə çıxış yolu tapmaq üçün ümumdünya "10/10/10 Global Work Party" kampaniyası təşkil olunur. 350.org hərəkatı tərəfindən koordinə olunan, Greenpeace, WWF və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən "10/10/10 Global Work Party" çərçivəsində artıq 185 ölkədən 6227 aksiya qeydiyyatdan keçib və onların sayı durmadan artmaqdadır.
"İRƏLİ" İctimai Birliyi üzvləri də 10/10/10 tarixində bu qlobal kampaniyada fəal iştirak edəcəklər. Bu barədə SİA-ya birliyin mətbuat xidmətindən məlumat verilib. Belə ki, bu barədə hərəkatın rəsmi veb səhifəsində məlumat yerləşdirilib: http://www.350.org/en/about/blogs/azerbaijan-ready-sunday
Aksiyanı Azərbaycanda keçirəcək olan "İRƏLİ" fəallarının məqsədi regionun lider dövləti olan Azərbaycan gənclərinin yalnız lokal deyil, eyni zamanda qlobal problemləri daim diqqət mərkəzində saxladığı və hər zaman fəaliyyətə hazır olduğunu sübut etməklə yanaşı, "ekologiya ili" çərçivəsində fərqli bir yanaşma sərgiləmək istəyidir.
Azərbaycanda bu aksiya Bakı, Sumqayıt və Gəncə şəhərlərində baş tutacaq. 10/10/10 tədbirlərindən ən möhtəşəmi "İRƏLİ" tərəfindən "Yaşıl düşün" adı altında Bakıda olacaq. Tədbir səhər saat 10-dan axşam saat 10-a qədər davam edəcəkdir və tədbirdə iştirak sərbəstdir. Tədbir aşağıda qeyd olunan hissələrdən ibarət olacaqdır:
- Ekologiya və qlobal istiləşmə ilə bağlı ekspertlər tərəfindən treninqlər;
- "İRƏLİ" üzvləri tərəfindən iqlim problemlərindən bəhs edən təqdimatlar;
- Şəhərdə "yaşıl xəzinə ovçuları" oyunu;
- Şəhər təmizləmə aksiyası;
- Ekoloji problemləri əks etdirən bukletlərin paylanması;
- Əhali arasında ekologiya ilə bağlı sorğuların keçirilməsi;
- Aksiyaya həsr olunmuş filmin çəkilişi;
- 21-ci əsrdə ekoloji problemlərdən bəhs edən filmin nümayişi
Sonda isə simvolik olaraq axşam saat 10:10-da hər kəs işıqları söndürəcək. Bu kiçik flaşmob 10 dəqiqə davam edəcək. Daha sonra hər kəs işıqları yandıracaq və facebook-a daxil olaraq təəssüratları bölüşəcəklər.
Qeyd edək ki, Cənubi Qafqazda bu aksiyanın ən böyüyü Azərbaycanda keçiriləcək. Qoşulmaq istəyənlər facebook şəbəkəsində aksiyanın səhifəsinə daxil ola bilərlər:
http://www.facebook.com/#!/event.php?eid=100853806647681
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB