Vətəndaşın pozulmuş sosial təminat hüququ Ombudsmanın müdaxiləsi ilə bərpa edilib

Vətəndaşın pozulmuş sosial təminat hüququ Ombudsmanın müdaxiləsi ilə bərpa edilib
Sumqayıt şəhər sakini, 1988-ci ildə Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində doğma yurdundan didərgin salınmış qaçqın soydaşımız Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o, müraciətdə vaxtilə Qafan rayonunda mis-molibden mədənində işlədiyi zaman peşə xəstəliyinə tutulması nəticəsində II qrup əlil olduğunu, istehsalat xəsarətinə görə ona verilən müavinətin ödənişinin dayandırılmasından narazılığını bildirib, bu məsələ ilə əlaqədar kömək göstərilməsini xahiş edib. Ombudsman şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə tapşırıb.

Məlum olub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli müvafiq qərarına əsasən, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi təsbit olunub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarının icrasını təmin etmək məqsədilə ərizəçinin sənədləri Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsi tərəfindən bu şəhərin Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təhvil verilib.

Bununla əlaqədar müvafiq işlər görülüb, vətəndaşın ərizəsinə əsasən ona kompensasiya təyin edilib və ödəniş həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə