Əli Həsənov: “Biz əminik və eyni zamanda güman edirik ki, faktaraşdırıcı missiya işğal olunan ərazilərdə obyektiv işləyəcək”

Əli Həsənov: “Biz əminik və eyni zamanda güman edirik ki, faktaraşdırıcı missiya işğal olunan ərazilərdə obyektiv işləyəcək”

"Biz əminik və eyni zamanda güman edirik ki, faktaraşdırıcı missiya orada obyektiv işləyəcək". SİA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində araşdırma aparması məsələsinə münasibət bildirərkən söyləyib.

 

Onun sözlərinə görə, missiya bölgədə beynəlxalq hüquq normalarına uyğun gəlməyən, ermənilərin törətdiyi əməllərin qarşısını almaq üçün əhəmiyyətli tədbirlər görəcək: "Bu məsələ ilə bağlı artıq neçənci dəfədir ki, ATƏT-ə və digər beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırıq. Müraciətlər fərqli zamanlarda fərqli mövzularla bağlı olub. Bunların əsasını işğal olunan ərazilərin biosferasının məhv edilməsi, qeyri-qanuni məskunlaşma, ATƏT-in cinah sazişinə uyğun olaraq silah və digər silahlı qüvvələrin yerləşdirilməsi normalarının pozulması, narkotik vasitələrin becərilməsi və istehsalı məsələləri təşkil edir. Bu məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumları bir neçə dəfə faktaraşdırıcı missiyalara müraciət etmiş və onların bu ərazilərə gəlməsini təmin edib. Bu da belə müraciətlərdən biridir. Biz əminik və eyni zamanda güman edirik ki, faktaraşdırıcı missiya işğal olunan ərazilərdə obyektiv işləyəcək. Bölgədə beynəlxalq hüquq normalarına uyğun gəlməyən, ermənilərin törətdiyi əməllərin qarşısını almaq üçün əhəmiyyətli tədbirlər görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə