AVP-nin 2 namizədi YAP-ın lehinə namizədliyini geri götürüb

AVP-nin 2 namizədi YAP-ın lehinə namizədliyini geri götürüb

Ana Vətən Partiyasının (AVP) 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərinə irəli sürdüyü namizədlərdən 5-nin namizədliyi qeydə alınıb. Onlar arasında partiyanın sədri Fəzail Ağamalı və partiyanın sədr müavini Zahid Oruc da var. SİA-ya açıqlamasında bu haqda AVP-nin mətbuat xidmətinin rəhbəri Babək Hacıyev məlumat verib.

Partiyanın 54 saylı və 61 saylı seçki dairələrindən irəli sürdüyü namizədlər partiya sədri və seçki qərargahı ilə məsləhətləşmələrdən sonra Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin lehinə geri çəkilib. AVP-nin 71 saylı Masallı seçki dairəsindən irəli sürdüyü namizəd isə səhhəti ilə əlaqədar namizədlikdən imtina edib.

İmzatoplama kampaniyasının bütünlüklə yekunlaşdığını deyən B.Hacıyev kampaniyanın azad və demokratik şəkildə keçirildiyini bildirib. O, qeyd edib ki, imzatoplama kampaniyasının qanunvericiliyə uyğun formada keçirilməsi seçkilərin də şəffaf keçiriləcəyinə əsas verir. O, gələcəkdə digər namizədlərin də YAP lehinə namizədlikdən imtina etmə ehtimalına gəlincə, bu məsələnin namizədlərin öhdəsinə buraxılacağını vurğulayıb.

Qeyd edək ki, AVP-nin Ali Məclisi 7 Sentyabr 2010-cu il tarixində partiyanın parlament seçkilərinə 18 namizədlə qatılması ilə bağlı qərar qəbul edib. Hal-hazırda namizədlərin sayı 15-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə