Deputat: “Xəzərin hüquqi statusunu müəyyənləşdirməyin vaxtı çatıb” AÇIQLAMA

Deputat: “Xəzərin hüquqi statusunu müəyyənləşdirməyin vaxtı çatıb” AÇIQLAMA

“Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə son dövrdə regionda üçtərəfli formatda görüşlər müntəzəm olaraq keçirilir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları üç dövlətlər arasındakı münasibətlərdə bir çox məsələləri müzakirə etməyə imkan verər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan-İran təşəbbüsü təkcə diplomatik bir jest deyildi: “Bunun konkret iqtisadi səmərəsi var. Rusiya və İran qarşılıqlı surətdə bazarlarını tamamlamağa, yüklərin daşınmasına daha sərfəli variant əldə edilməsində maraqlıdırlar. Azərbaycanın təşəbbüsü ilə Şimal-Cənub Dəhlizi yaranıb. Rusiyadan Hindistana, Çinə və eyni zamanda Çindən İran, Azərbaycan vasitəsilə Rusiya və Avropaya çatdırılmasına böyük dəstək olur. Təbii ki, burada da təqribən 20 gündən ay yarıma qədər zamana qənaət edilir. Bu milyonlarla iş yerinin yaradılması, nəqliyyat dəhlizinə xidmət edən yeni sahələrin yaranmasına gətirib çıxarır.

Cənab Prezident oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin açılışında bildirdi ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sonradan bu iki qovşağın birləşməsinə səbəb olar. Yəni, yüklər vacib deyil ki, şimaldan cənuba gəlsin, işgüzar dairələrin marağına uyğun olaraq müxtəlif istiqamətlərdə istifadə edilə bilər. Eyni zamanda üç dövlət arasında müntəzəm görüşlərin keçirilməsi, səmərəli iqtisadi layihələrin müzakirə edilməsi digər məsələlərin də həllinə kömək edə bilər. Məsələn, hər üç dövlət Xəzər sahillərində yerləşir. Artıq Xəzərin hüquqi statusunu müəyyənləşdirmək olar. Digər tərəfdən beş Xəzər dövləti arasında qarşılıqlı inamın formalaşması gələcəkdə Xəzər dənizini hərbisiz su hövzəsi elan etməyə imkan verər və s. Tehranda keçirilən görüşdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Tərəflərin diqqəti Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına yönəldi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə