"Bu görüş Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsirini göstərəcək" ŞƏRH
“Azərbaycanın həm Rusiya, həm İranla hər zaman yaxşı münasibətləri olub. Amma üçtərəfli formatda münasibətlər son dövrdə yaranan və artıq uğurla inkişaf edən birlikdir”. Bunu SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən gün Tehranda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, üç ölkə birlikdə regional layihənin həyata keçirməyin təşəbbüskarıdırlar: “Şimal-Cənub adlanan nəqliyyat dəhlizi hər iki istiqamətə yüklərin qısa zamana daşınmasını təmin edəcək. Əslində bu, layihə üç ölkənin iqtisadiyyatının bir-birini tamamlamasına, digər iqtisadi əlaqələrin də nəzərdən keçirilməsinə səbəb olur. Hər üç ölkənin eyni regionda, Xəzər dənizi sahilində yerləşdiyini nəzərə alsaq, yaxın əlaqələr Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsində də böyük rol oynayır”.
A.Mirzəzadə qeyd edib ki, zirvə görüşündə Azərbaycan, İran və Rusiya beynəlxalq aləmdə gedən proseslər haqqında da fikir yürüdüblər: “ Bu gün qaynar nöqtələrdən birinin Suriya və İraq və bu məsələnin region üçün təhlükəli olduğunu nəzərə alsaq yəqin ki, üçtərəfli zirvə görüşündə bu problemin müzakirəsi və həllinə dəstək verilməsi də vacib olan məsələlərdən hesab oluna bilər”.
“Ümumiyyətlə, Azərbaycanın regionda stabilliyin təminatçısı rolunu oynadığı açıq şəkildə hiss olunur. Ölkəmizin regional layihələrlə bağlı təşəbbüslər irəli sürməsi və həyata keçirməsi, qonşu dövlətlərlə dinc yaşamaq prinsiplərinə riayət etməsi, dünyaya öz inkişaf modelini təqdim etməsi, istənilən dövlətin Azərbaycanla münasibət qurmasını maraqlı edir. Ötən gün Tehranda keçirilən üçtərəfli görüş bir daha göstərdi ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir ciddi addım atmaq mümkün deyil”- deyə, deputat vurğulayıb.
A. Mirzəzadə əlavə edib ki, Tehranda baş tutan üçtərəfli görüş eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsirini göstərəcək: “ Çünki bildiyiniz kimi Rusiya həmsədr ölkələrdən biridir və onun Ermənistana ciddi təsir imkanları var. Bu gün problemin həll edilməmiş qalması, həm Rusiya, həm də Ermənistan üçün ciddi problemlər yaradır. Düşmən ölkə regional layihələrdən kənarda qalmaqla yanaşı, Azərbaycan, Türkiyə kimi güclü tərəf müqabilini itirmiş olur. Bu gün Ermənistan çox ciddi iqtisadi böhran içindədir. 3 milyonluq ölkənin yarım milyonu Rusiyada əmək miqrantı kimi çalışır və onlar geri qayıtmaq fikrində deyillər. Azərbaycanın ərazi bütövlüyünü tanımadığına görə ciddi böhran içində olan Ermənistanın daha da zəifləməsi Rusiyanın regiondakı mövqelərini zəiflətmiş olur. Bu baxımdan problemin həlli istiqamətində biz Rusiyadan ciddi və təsirli addımlar gözləyirik. Eyni zamanda İranla Ermənistan arasında sıx dostluq əlaqələrinin olduğunu nəzərə alsaq, müsəlman ölkəsi olan İranın düşmən ölkəyə dəstək verməsi Azərbaycan tərəfindən heç də müsbət qəbul edilmir. Bu dostluğun problemin həllinə mənfi təsir etməsi ilə bağlı fikirlərimiz İran tərəfinin diqqətinə çatdırılır. Ümumən götürdükdə hər iki ölkə Azərbaycanla dostluğun vacib olduğu qənaətindədir. Azərbaycanın probleminin həll edilməmiş qalması, bu dostluğun hər tərəfli inkişaf etməsinə mane olur”.
Qeyd edək ki, ötən gün Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB