YAP Zəngilan rayon təşkilatının IX konfransı keçirilib

YAP Zəngilan rayon təşkilatının IX konfransı keçirilib

YAP xalqımızın milli maraqlarını ifadə edən avanqard təşkilatdır

Noyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının IX konfransı keçirildi. Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Siyasi Şurasının üzvü, partiyanın Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev və YAP rayon təşkilatının fəal üzvləri iştirak edirdilər.

Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdəki Mədəniyyət evində keçirilən konfransı YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov açıq elan edərək geniş hesabat məruzəsi ilə çıxış etdi. Ə.Hüseynov bildirdi ki, müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Ə.Hüseynov bildirdi ki, hesabat dövründə YAP Zəngilan rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramı müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib. Hazırda rayonda 52 ərazi ilk partiya təşkilatı, 2035 nəfər üzvü vardır. Ötən kanfransdan bu günə kimi YAP rayon təşkilatına 550 nəfər üzv olub ki, bunların da 330 nəfərini qadınlar, 220 nəfərini isə gənclər təşkil edir.

Sonra nəzarət-təftiş qrupunun sədri Hidayət Həsənov qrupun fəaliyyəti barədə məlumat verdi.

Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, YAP Zəngilan rayon təşkilatının sədr müavini Həsən Ələkbərov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Orucova, partiyanın Gənclər Birliyinin sədri Şənlik Əliyev və başqaları məruzə ətrafında çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə konfrans iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş söhbət açıb: «Hər kəsə yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində Azərbaycan çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Belə bir ərəfədə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı ümummilli lider Heydər Əliyevə müraciət etdi. Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.»

V.Rəhimzadə YAP-ın 25 ildə keçdiyi tarixi yola nəzər saldı: «Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. Tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş verib. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşir.»

YAP Siyasi Şurasının üzvü V.Rəhimzadə vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: «Dövlət başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişin imzalanması, bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi çox böyük tarixi hadisələrdir.»

YAP Siyasi Şurasının üzvü Misirxan Vəliyev YAP Zəngilan rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək partiyanın fəaliyyətindən, ölkəmizin sürətli inkişafından söz açdı: «YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olub. Məhz xalqın istək və arzularının əvəzsiz ifadəçisi olan partiyamız indiyə qədər keçirilmiş bütün siyasi tədbirlərdə, parlament, prezident, bələdiyyə seçkilərində, referendumlarda parlaq qələbələr qazanıb.»

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd etdi ki, ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. R.Həsənov diqqətə çatdırdı ki, bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib: «Azərbaycan bu gün xalq-iqtidar birliyinin nəticəsində Ulu Öndərin müəyyən etdiyi strateji xətlə inamla inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.»

Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirdi ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. İ.İsmayılov vurğuladı ki, YAP ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.

Sonra konfransda təşkilati məsələyə baxılıb. 30 nəfərdən ibarət Şura, 18 nəfərdən ibərət İdarə Heyəti və Nəzarət-təftiş qrupunun üzvləri seçilib. Nizami Mövsümov YAP Zəngilan rayon təşkilatının sədri seçilib. Əsəd Hüseynov və Həsən Ələkbərov sədrin müavinləri seçiliblər.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının yeni sədri Nizami Mövsümov ona göstərilən bu etimadı doğruldacağına söz verərək qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyası həqiqətən də, Ümummilli Liderimizin dediyi kimi, «Dünənin, bu günün və gələcəyin partiyasıdır.»

Sonda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə